Bakıda “Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər” mövzusunda elmi-praktiki dəyirmi masa keçirilib.
×
Bakıda “Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər” mövzusunda elmi-praktiki dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri professor Kamran Musayev, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov, səhiyyə nazirinin müavini Nadir Zeynalov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Nelli Veysova, Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin rəhbəri Yeganə Abbasova çıxış ediblər.
Tədbiri açan Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri, professor Kamran Musayev Qafqazda ilk ürək transplantasiyasının Azərbaycan səhiyyəsinin tarixində mühüm mərhələ olmaqla yanaşı, ölkəmizin bu sahədə regional liderliyini bir daha təsdiqlədiyini vurğulayıb. Bildirib ki, ötən il Azərbaycan səhiyyə tarixi üçün unudulmaz hadisələrlə yadda qalıb. Onun sözlərinə görə, məhz 2025-ci ildə ölkəmizdə ilk dəfə beyin ölümü qeydə alınmış donordan orqan transplantasiyası həyata keçirilib.
“Sevindirici haldır ki, biz ürək cərrahları olaraq, bu tarixi prosesə qoşulduq və 2025-ci ildə iki uğurlu ürək transplantasiyası icra etdik. Bu əməliyyat Azərbaycanın Qafqaz regionunda donor orqandan ürək transplantasiyası sahəsində lider mövqeyini təsdiqlədi və region üçün bir ilk kimi tarixə düşdü”, – deyə professor vurğulayıb.v