×
Oktyabrın 12-də Bakı Konqres Mərkəzində Beynəlxalq Hakimlər Assosiasiyasının (IAJ – International Association of Judges) 67-ci Baş Assambleyası öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmiz haqqında tanıtım videoçarxı nümayiş etdirilib.
Azərbaycan Hakimlər İttifaqının sədri Ramiz Rzayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyasının iştirakçılarına müraciətini oxuyub.
Açılış mərasimində çıxış edən Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov bildirib ki, müstəqilliyimiz bərpa olunandan sonra Azərbaycan öz məhkəmə sistemini demokratiya, qanunçuluq və ədalət prinsipləri əsasında qurmağa başladı. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya hazırlandı, ümumxalq referendumu ilə qəbul olundu və orada hakimiyyət bölgüsü, qanunun aliliyi, insan ləyaqətinin təmin edilməsi və məhkəmə hakimiyyətinin müstəqilliyi ifadə edildi. Beləliklə, bu təməl Prezident İlham Əliyev tərəfindən həyata keçirilən davamlı islahatlarla daha da möhkəmləndirildi. Onun qətiyyətli səyləri nəticəsində ədalətin təşkili dövlətin ən dinamik dayaqlarından birinə çevrildi.
“Bu gün bütün dünyada ədalət mühakiməsi bizdən əvvəllər olmadığı qədər əməkdaşlıq etməyimizi tələb edir. Yalnız biz səylərimizi birləşdirərək, bütün limitləri aşaraq bu amallara töhfə verə bilərik. Buna görə də əməkdaşlıq qlobal məhkəmə sisteminin əsasını təşkil etməlidir. Yarım əsrdən artıq olan müddət ərzində Beynəlxalq Hakimlər Assosiasiyası öz toplantılarını keçirir və ədalət mühakiməsinin bütün dünyada daha da təkmilləşdirilməsinə xidmət edir. Bu, o cümlədən hakimlər arasındakı dialoqu daha da genişləndirməyi, məhkəmə hakimiyyətinin müstəqilliyini daha da təmin etməyi və ədalətin, qanunun aliliyinin ən ümdə bir prinsip kimi hər zaman vacib saxlamağı qeyd edir. Bu gün dünya bir tarixi yolayrıcında dayanır. Burada bir tərəfdən yeni, lakin eyni zamanda mürəkkəb çağırışlar dayanır. Biz mövcud reallığa uyğunlaşmalıyıq. Baxmayaraq ki, bu dəyərlər dəyişməz olaraq qalır. Əlimizdən gələni – heç vaxt olmadığı qədər - etməliyik ki, ədalət öz mənasını tam şəkildə təmin edə bilsin. Texnologiya və süni intellekt bu gün bizim idarəçilik işlərimizə yeniliklər gətirir. Bugünkü məhkəmə hakimiyyəti beynəlxalq hüdudları keçən məsələlərə də öz töhfəsini verməlidir. Burada iqlim dəyişiklikləri və digər bu kimi fenomenlər bizim üzərimizə ortaq məsuliyyət qoyur”, - deyə İ.Kərimov qeyd edib.
Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Əhmədov bildirib ki, məhkəmə hakimiyyəti hər hansı bir cəmiyyətin ən fundamental dəyərlərinin keşiyində dayanan bir qarantdır.
O, çıxışına belə davam edib: “Məhkəmə hakimiyyəti bizi hər hansı səhvlərdən qoruyur, üzərimizə düşən vəzifənin lazımi şəkildə icrasında istiqamətləndirir. Bu bizə elə imkanlar, şəraitlər yaradır ki, üzərimizə düşən vəzifəni ədalət mühakiməsi çərçivəsində həyata keçirək. Lakin yekun nəticədə məhkəmə hakimiyyətinin məqsədi ədalətin zəfər çalmasıdır. Ədalət o zaman zəfər çalır ki, o, hər hansı bir fəaliyyətin mərkəzində dayanan bünövrə kimi götürülür”.
F.Əhmədov çıxışında Azərbaycanda qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları arasında əməkdaşlığın mövcudluğunu və bunun ədalət mühakiməsinin ortaya qoyulmasında əsas götürüldüyünü də diqqətə çatdırıb.
Beynəlxalq Hakimlər Assosiasiyasının prezidenti Duro Sessa isə düzgün ədalət mühakiməsinin heç zaman diqqətdən kənarda qalmamalı olduğunu bildirib.
Onun sözlərinə görə, məhkəmə hakimiyyətinin səsinin hər tərəfdə eşidilməsi üçün anlaşma və etimadın qurulmasında məhz konstitusion strukturların fəaliyyətinin tarazlı şəkildə həyata keçirilməsi önəmlidir: “Bütün bu dəyərlər çox vacibdir ki, məhkəmə hakimiyyəti müstəqilliyini qoruyub saxlaya bilsin. Bu gün bəzi hallarda siyasətçilər bizə müəyyən mesajlar verirlər. Lakin bu mesajlar birmənalı şəkildə qəbul edilməli deyil. Onlar heç bir şəkildə hər hansı bir siyasi maraqlara qurban verilməli deyil.
Nizamnaməmizə gəldikdə, təcrübəmiz göstərir ki, biz daimi şəkildə azad fəaliyyət aparmalıyıq. Həmkarlarımız adından deyil, cəmiyyətimiz adından çıxış etməliyik. Bəzi hallarda onlar bizim mövqeyimizi və mübarizəmizi anlamırlar. Biz heç zaman imkan verməli deyilik ki, qanunlar silaha çevrilsin. Onlar daha çox sipər rolunu oynamalıdır”.