×
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin, Dövlət Turizm Agentliyinin tabeliyindəki Milli Kulinariya Mərkəzinin və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə Bakı İstintaq Təcridxanasında yeni pilot layihə başlanılıb.
AZƏRTAC xəbər verir ki, layihənin məqsədi məhkumların sosial reabilitasiyası, asudə vaxtlarının səmərəli təşkili, azad cəmiyyətə tamhüquqlu üzv kimi qayıdışı, onlar üçün maddi və mənəvi-psixoloji əhəmiyyət daşıyan ictimai faydalı əməyin təşkili məqsədilə mövcud istehsalat sahələrinin bərpası, yeni iş yerlərinin yaradılması, müxtəlif peşə sahələrinə yiyələnmələri və azadlığa çıxandan sonrakı həyatına qayğı göstərməkdən ibarətdir.
Layihənin başlanılması münasibətilə keçirilən tədbirdə Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Oqtay Məmmədov, Ədliyyə Nazirliyi İnsan Hüquqları və Kommunikasiya İdarəsinin rəisi Aynur Sabitova, Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Cəmaləddin Quliyev və başqaları çıxış edərək məhkumların fəaliyyətinin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi, islah və tərbiyə işlərinin təkmilləşdirilməsi məqsədilə azadlıqdan məhrum edilmiş şəxslərin peşə təhsilinə və ictimai faydalı əməyə cəlb olunması sahəsində görülən tədbirlər barədə danışıblar. Qeyd olunub ki, bu cür tədbirlərin təşkili, müxtəlif ixtisas və peşələrə yiyələnmək məhkumların cəza müddətini başa vurub azad həyata qovuşandan sonra onların cəmiyyətə inteqrasiyasında, yeni həyata başlamaqda mühüm əhəmiyyət kəsb edir.
Pilot layihənin icrasına başlanıldığı Bakı istintaq təcridxanasında məhkumlara göstərilən iaşə xidmətinin təşkili ilə tanışlıq olub. Müəssisənin ərzaq anbarında qidaların saxlanılma vəziyyəti və hazırlanmasına, mətbəxə və təcrübəli aşpazların təlim keçdiyi şəraitə baxış olub.
Layihə çərçivəsində məhkumları yaradılmış aşpazlıq kurslarına cəlb etməklə onlarda yeni peşə bacarığını formalaşdırmaq, eyni zamanda, müəssisələrdə hazırlanan yeməyin keyfiyyətini daha da yaxşılaşdırmaq nəzərdə tutulub. Kursları bitirən məhkumlara sertifikatlar təqdim olunacaq və nəticədə onlar azadlığa çıxandan sonra da yiyələndikləri peşə üzrə əmək fəaliyyətlərini davam etdirə biləcəklər.
Cəzaçəkmə müəssisəsində layihənin iştirakçısı olan məhkumlarla söhbət də onların gələcək fəaliyyətində öyrəndikləri peşənin böyük əhəmiyyət kəsb edəcəyinə inam oyadır. Pilot layihənin iştirakçısı Nihad Qəmbərov AZƏRTAC-ın müxbiri ilə söhbətində bu barədə deyib: “Məhkumluğa qədər hərbi qulluqçu olmuşam. Üç il müddətinə azadlıqdan məhrum edilmişəm. İndiyədək həmin müddətin yarısını çəkmişəm. Artıq on aydır ki, aşpaz peşəsinə yiyələnirəm. Güman edirəm ki, peşəkar aşpazların təlimləri nəticəsində bu peşəyə daha mükəmməl yiyələnə biləcəyəm. Məhkumluq müddətini başa vurandan sonra məhz bu sahədə çalışmağı da hədəf seçmişəm”.
Təlimlərdə iştirak edən digər məhkumlar da gələcək fəaliyyətlərində yiyələndikləri peşə sahəsində çalışacaqlarını ifadə ediblər.
Tədbir çərçivəsində, həmçinin, peşəkar ekspertlər kursa cəlb olunan məhkumlara nahar menyusuna uyğun mühazirələr təqdim ediblər. Peşəkar mütəxəssislərin nəzarəti altında hazırlanmış yeməklər qonaq və ekspertlər tərəfindən dequstasiya olunduqdan sonra məhkumlara ünvanlanıb.
Qeyd olunub ki, layihə digər islah müəssisələrində də tətbiq ediləcək.