Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW2025) çərçivəsində keçirilən “Yaşıl keçid çağırışına cavab – Milli İqlim Planları (NDC-lər və NAP-lar), investisiya platformaları və keçid planları” mövzusunda sessiya keçirilib.
×
Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW2025) çərçivəsində keçirilən “Yaşıl keçid çağırışına cavab – Milli İqlim Planları (NDC-lər və NAP-lar), investisiya platformaları və keçid planları” mövzusunda sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, GLOBE International-ın icraçı direktoru Malini Mehranın moderatorluğu ilə keçən sessiyada çıxış edən Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov COP29-dan etibarən çox böyük nailiyyətlər əldə edildiyini deyib: "Bu nailiyyətlər yalnız ölkəmiz üçün deyil, həm də beynəlxalq tərəfdaşlarımız qarşısında sərgiləyə biləcəyimiz uğurlardır. İqlim dəyişikliyi ilə bağlı uzun müddət çalışdıq və indi düşünürük ki, bu prosesi daha da sürətləndirməyin yollarını tapmalıyıq".
O qeyd edib ki, hər bir ölkə öz milli maraqlarını qoruyur və həll yolları bu maraqlarla uyğun olmalıdır. Xüsusilə innovasiya sahəsində bu uyğunluq daha vacibdir. “Hökumətlər bu gündəliyi sürətləndirmək üçün mühüm rol oynaya bilər. Məsələn, qlobal istiləşməni 1,5 dərəcədən aşağı saxlamaq hədəflərini daha da irəli apara bilərlər. Lakin bu hədəflərə nail olmaq üçün özəl sektorun aktiv iştirakı mütləqdir. Hökumətlər bu təşəbbüsləri təbliğ etməli, yaşıl texnologiyaların tətbiqini təşviq etməlidirlər. Çünki yaşıl texnologiyalar özləri yüksək maliyyə tələb edir və yalnız həm dövlətin, həm də özəl sektorun dəstəyi ilə geniş yayılmaq imkanına malikdir”, - deyə nazir müavini əlavə edib.
Onun sözlərinə görə, Nyu-York və Berlin kimi şəhərlərdə bu sahədə maarifləndirmə tədbirləri geniş həyata keçirilir: “Bu nümunələr göstərir ki, həm ictimaiyyətin məlumatlandırılması, həm də texnologiyaların tətbiqi iqlim siyasətinin uğurlu olmasında həlledici rol oynayır. İnanırıq ki, hökumətlər, özəl sektor və cəmiyyət birgə çalışdıqda daha dayanıqlı, yaşıl və sabit gələcək üçün əhəmiyyətli addımlar atıla bilər”.
"Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in istinad mənbəyi olduğunu diqqətə çatdıran Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva burada vahid vizyon müəyyənləşdirildiyini qeyd edib: "Eləcə də əsas məsələlərdən biri iqlim dəyişikliyinin təsirləri ilə mübarizədir. Strategiyada istixana qazlarının azaldılması, yeni texnologiyaların tətbiqi, bərpaolunan enerji mənbələrinin işə salınması və xüsusən də işğaldan azad olunmuş ərazilərdə yaşıl texnologiyaların tətbiqi, su resurslarından səmərəli istifadə və s. qeyd olunur. Həmin tədbirlər ətraf mühit texnologiyaları ilə mümkün ola bilər. Artıq öhdəliklər də müəyyənləşdirilib. Xüsusilə də innovativ təşəbbüslər, yaşıl enerji texnologiyası, dayanıqlı kənd təsərrüfatı, “ağıllı” texnologiyalara əsaslanan kənd konseptləri vasitəsilə Azərbaycanın Qarabağ zonasının sıfır emissiyalı zonaya çevrilməsi hədəflənir. Bu da neçə hektar torpaq sahəsinin əhatə edilməsi deməkdir".