×
Bu gün Bakı Enerji Forumunun 2-ci günü başa çatıb. Bununla da ikigünlük 30-cu “Baku Energy Forum”u başa çatıb.
AZƏRTAC xəbər verir ki, builki forum enerji sektorunun aktual çağırış, imkanlarını əhatə edən geniş və çoxşaxəli gündəmlə keçirilib.
Bakı Enerji Həftəsi çərçivəsində keçirilən forumda “COP29 nəticələri — Dayanıqlı gələcəyə aparan yol”, “Kjell A.Nordström ilə xüsusi sessiya beynəlxalq biznes və ultramüasir şirkətlərin gələcək ssenariləri”, “Enerjidə rəqəmsallaşma: məlumat və texnologiyanın gücü”, “Qaz bazarı – istehsalçı, nəqliyyatçı və istehlakçılar üçün yeni struktur”, “Neft və qaz kəmərləri – etibarlı infrastruktur vasitəsilə enerji təhlükəsizliyinin təmin edilməsi”, “Elektrik enerjisinin istehsalı və şəbəkə infrastrukturunun inkişafı: gələcəyin enerji təchizatı” mövzularında panel müzakirələri keçirilib.
İlk sessiyada COP29 Prezidenti Мuxtar Babayev Bakı Enerji Forumunda “COP29 nəticələri — Dayanıqlı gələcəyə aparan yol” mövzusundakı panel müzakirəsində çıxışı zamanı bildirib ki, COP29 uğurla həyata keçirilib, ortada çoxlu ambisiya olub. Onun sözlərinə görə, yeni çətinliklər ortaya çıxıb, bəzi ölkələr bir qədər fərqli siyasət yürüdür. O qeyd edib ki, xüsusilə ABŞ-ın iqlim müzakirələrindən geri çəkilməsi bu prosesə müəyyən təsirini göstərir.
“Ancaq digər ölkələr, xüsusilə donor ölkələr indi Bakıda vəd etdikləri üzrə artıq hazırlıq işlərinə başlayıblar. COP29 tarixi bir nəticə oldu və 300 milyard dolların toplanmasına başlandı. Çox böyük uğurlar əldə edilib. Azərbaycan Braziliya komandası ilə birlikdə 1,3 trilyon dollarlıq proqramı hazırlayır. Söhbət COP29-da qəbul olunan 300 milyard dollarlıq vəsaiti 1,3 trilyona qədər artırmaqdan gedir. Biz müəyyən etməliyik ki, hansı əlavə maliyyələşdirmə kanalları var və iqlim dəyişikliyi üçün nə edilə bilər. Təkcə donorlar və istehlakçılar nəzərdə tutulmur, həmçinin cənub əməkdaşlığına baxmalıyıq. Bu, bizim üçün çox vacib bir dövrdür, kifayət qədər intensiv və mürəkkəbdir. COP29-da imzalanan sazişlər özəl sektorlara böyük qapılar açdı. Bu resursları necə səfərbər edəcəyimiz üzərində işləyirik. Həmçinin beynəlxalq maliyyə institutları və özəl sektorla birlikdə intensiv işləyirik ki, onları səfərbər edək”, - deyə o qeyd edib.
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, COP29 üzrə baş danışıqçı Yalçın Rəfiyev öz çıxışında qeyd edib ki, COP29 əldə edilmiş nəticələrə görə tarixin ən uğurlu COP-larından biri hesab olunur. O bildirib ki, Paris Sazişi çərçivəsində üç əsas istiqamət fəaliyyət göstərir.
“Təsirlərin yumşaldılması, uyğunlaşma və maliyyələşdirmə. COP29 çətin geosiyasi və qlobal siyasi proseslər şəraitində təşkil olundu. Ölkələrin öz iqlim öhdəliklərini və ambisiyalarını həyata keçirə bilməsi üçün həm texnoloji həllər, həm də potensialın artırılması üzrə tədbirlərin həyata keçirilməsi zəruridir”, - deyə o qeyd edib.
Macarıstan Energetika Nazirliyinin energetika siyasəti üzrə dövlət katibi Mark Alfeldi-Boruss nəzərə çatdırıb ki, Macarıstan və Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq artıq strateji mərhələyə keçib. O qeyd edib ki, təchizat marşrutlarını saxlamaq vacibdir.
“Azərbaycanda istehsal olunan yaşıl enerji layihəsində iştirak etmək istəyirik. Bunun iqlim hədəflərinə uyğunluğunu nəzərdən keçiririk. Diversifikasiya çox vacib elementdir. Bura yalnız dekarbonizasiya deyil, bərpaolunan enerji də daxildir. Biz COP29-u Paris Sazişindən sonra dönüş nöqtəsi hesab edirik. İndi aydın şəkildə müəyyən edilmiş məqsədlər və maliyyə mənbələri var. COP29-da əldə olunan nəticələrə birlikdə nail olacağıq”, - deyə o bildirib.
Daha sonra dünyaca tanınmış qlobal biznes eksperti, məruzəçi, isveçli iqtisadçı, futuroloq və beynəlxalq “bestseller” kitabların müəllifi Kyel A.Nordströmın xüsusi sessiyası olub. Müasir dövrün parlaq mütəfəkkirlərindən olan Nordström Azərbaycanda ilk dəfə olaraq qlobal iqtisadiyyatın gələcəyi, enerji bazarlarının transformasiyası və oyun qaydalarını dəyişəcək innovasiyalarla bağlı fikirlərini bölüşüb. O diqqətə çatdırıb ki, müasir dövrdə urbanizasiya prosesi çox sürətlə gedir.
“10 il əvvəl dünya əhalisinin yalnız 10 faizi şəhərlərdə yaşayırdı. 2016-cı ildə bu rəqəm 50 faizə yüksəldi. Bu gün dünya əhalisinin 70 faizi şəhərlərdə yaşayır, növbəti illərdə isə bu rəqəm 80-85 faizə yüksələcək. Şəhərlər daha da böyüyəcək. Dünyada çox deyil, 600 şəhər olacaq. Bu gün Tokio, İstanbul, London kimi şəhərlərin əhalisi daha da artacaq. Enerji, qida məhsulları, ümumilikdə hər şey şəhərdə istehsal olunacaq. Kosmosdan planetə baxanda yalnız iri şəhərlərin işıqları görünür, qalan yerlər isə qara görünür. Bu qara yerlərin sayı artır. Bəs insanları şəhərlərə köçməyə vadar edən nədir? İnsanları Pekin, Moskva, London və başqa şəhərlərə köçməyə vadar edən ümiddir. İnsan şəhərdə yaxşı təhsil almağa, biznes qurmağa, yaxşı yaşamağa ümid edirlər. Bu ümidi insanın düşüncəsindən heç kim və heç nə çıxara bilməz. Bu, planetimizin coğrafiyasını dəyişəcək. Gələcəkdə insanlar planetimizin yalnız 2 faizində yaşayacaqlar. Bu gün insanlar, qlobal kampaniyalar, dövlətlər buna hazır olmalıdırlar. XX əsrdən başlayaraq dünyada qloballaşma meyilləri gücləndi. Qloballaşma sanki bir ideologiyaya çevrildi. Divarlar söküldü, informasiya daha geniş coğrafiyanı əhatə etməyə başladı, insanlar daha da yaxınlaşdılar”, - deyə o vurğulayıb.
Onun sözlərinə görə, qloballaşma prosesi heç də rəvan keçməyib: “SSRİ dağıldı və bu ərazidə yaşayan xalqlar milli dövlətlərini qurdular və dünyaya inteqrasiya olunmağa başladılar. Bu respublikalar qlobal bazarlara qoşuldular. Bununla yanaşı texnologiyalar da inkişaf etdi ki, bu da öz növbəsində qlobal iqtisadiyyatın inkişafına səbəb oldu. Lakin bu inkişaf, qazanc istəyi konfliktlər yaratdı və böhranlar başladı. İlk olaraq dünya COVID-19-la mübarizə apardı, Rusiya-Ukrayna müharibəsi başladı və dünyada iqtisadi geriləmə müşahidə olundu”.
K.A.Nordström nəzərə çatdırıb ki, müasir dünyada inkişaf istiqamətlərini insanlar özləri müəyyən etməlidir: “Qloballaşma prosesləri heç də rəvan olmur. Çin böyük dövlət olmaqla yanaşı, həm də böyük bir sivilizasiyadır və özünün inkişaf yolu, hədəfləri var. Rusiyanın öz yolu, Avropanın isə tamamilə başqa istiqamətdə inkişaf perspektivləri var. Qlobal səviyyədə əməkdaşlıq və gələcəyin müəyyən olunması konfliktlərin qarşısını ala bilər”.
“ACWA Power” şirkətinin Azərbaycan və Türkiyə üzrə direktoru Selim Güven qeyd edib ki, hazırda şirkət 107 milyard dollarlıq investisiyası var və 14 ölkədə fəaliyyət göstərir. O qeyd edib ki, Azərbaycanda tikilən 240 meqavat gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının (KES) bir hissəsi bu ilin avqustunda istismara veriləcək.