Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayevə həsr olunan “Vətənə bağlı” sənədli filminin təqdimatı keçirilib.
×
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayevə həsr olunan “Vətənə bağlı” sənədli filminin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində Milli Məclisin deputatları, etnik və dini icmaların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri açan BBMM-nin icraçı direktoru Rəvan Həsənov bildirib ki, film Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayevin həyat və fəaliyyətinə, onun Azərbaycanın ictimai və dini həyatında oynadığı mühüm rola həsr olunub. İcraçı direktor diqqətə çatdırıb ki, bu gün Azərbaycanda 50-dən çox müxtəlif xalqın və etnik qrupun nümayəndəsi yaşayır: “Onlar say tərkibinə görə fərqlənirlər, lakin onların hər biri öz mədəni kodunun daşıyıcısıdır ki, bu da onlara mədəni xüsusiyyətləri müəyyən etməyə imkan verir. Yəhudilər də bütün etnik və dini azlıqlar kimi Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşayırlar, yəhudi icmasına qarşı heç bir ayrı-seçkilik yoxdur. Azərbaycanda mövcud olan zəngin yəhudi mədəni irsi belə dinc yanaşı yaşamanın nəticəsidir. Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayevə həsr olunan “Vətənə bağlı” sənədli filmində də Azərbaycandakı multikultural mühit, yəhudilər və onların Azərbaycandakı yaşayışı lentə alınıb”, - deyə o qeyd edib.
Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin Analitik qrupunun rəhbəri Faiq Hüsiyev, filmin ssenari müəllifi Afaq Vasifqızı və rejissoru Elnurə Kazımova çıxışlarında film haqqında ətraflı məlumat veriblər. Vurğulayıblar ki, “Vətənə bağlı” sənədli filmi Milix Yevdayevin Vətənə olan dərin sevgisini, onun cəmiyyətə və milli-mənəvi dəyərlərə xidmətini tamaşaçılara çatdırmağı hədəfləyir. Filmdə onun şəxsi keyfiyyətləri, Vətənə sədaqəti, dini və milli icmalar arasında qurduğu səmimi münasibətlər, eləcə də Azərbaycanın tolerantlıq ənənələrinin möhkəmlənməsində oynadığı rol xüsusi vurğulanır.
Sonra “Vətənə bağlı” filmi nümayiş olunub.
Filmin nümayişindən sonra çıxışlar davam edib.
Təqdimat mərasimi çərçivəsində rəssam Ülkər Əliyevanın rəsm əsərləri nümayiş olunub.