×
İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 12-də Bakıda Azərbaycan–Kamboca biznes-forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə hər iki ölkənin rəsmi şəxsləri ilə yanaşı, sənaye, kənd təsərrüfatı, tikinti, maliyyə, turizm, səhiyyə, informasiya texnologiyaları və digər sahələrdə fəaliyyət göstərən 100-dək iş adamı iştirak edib.
Forumda çıxış edən Kamboca Krallığının Baş naziri Hun Manet iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı və qarşılıqlı investisiya imkanlarının artırılması məsələlərinə toxunub.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan və Kamboca arasında iqtisadi əlaqələrin inkişafı, ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi imkanlarından danışıb. Sənaye, kənd təsərrüfatı, enerji, turizm, maliyyə və informasiya texnologiyaları sahələrində təmsil olunan işgüzar dairələrin iştirakı ilə keçirilən forumun yeni tərəfdaşlıq perspektivlərinin dəyərləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Biznes nümayəndələri arasında birbaşa əlaqələrin gücləndirilməsinin qarşılıqlı əməkdaşlığa töhfə verəcəyi qeyd edilib.
Kambocanın ticarət naziri Çam Nimul ölkəsinin biznes və investisiya imkanları, ticarət əlaqələrinin inkişaf perspektivləri, eləcə də Azərbaycan şirkətləri ilə işbirliyinin genişləndirilməsi imkanları barədə fikirlərini bölüşüb.
Kamboca Ticarət Palatasının prezidenti, ASEAN Biznes Məsləhət Şurasının sədri Neak Oknha Kith Meng biznes forumun iki ölkənin iş adamları arasında yeni tərəfdaşlıqların qurulmasına, qarşılıqlı investisiyaların təşviqinə və iqtisadi sahədə birgə fəaliyyətin inkişafına töhfə verəcəyini bildirib.
Forum çərçivəsində Azərbaycan Ticarət və Sənaye Palatası ilə Kamboca Ticarət Palatası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu mübadilə edilib.
Tədbirdə Azərbaycan və Kambocanın biznes və investisiya imkanlarına dair təqdimatlar keçirilib, iş adamları arasında qarşılıqlı maraq doğuran tərəfdaşlıq istiqamətlərinin, yeni biznes əlaqələrinin qurulmasının və birgə layihələrin həyata keçirilməsi imkanlarının müzakirə edildiyi B2B görüşlər təşkil olunub.