×
Özbəkistanın Baş prokuroru Niqmatilla Yuldoşevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana işgüzar səfər çərçivəsində Fəxri xiyabanı ziyarət edərək, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyəti, həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın, tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarlarını ziyarət edib.
Daha sonra qonaqlar Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüblər.
Səfər çərçivəsində Azərbaycanın Baş prokuroru Kamran Əliyevlə Özbəkistanın Baş prokuroru Niqmatilla Yuldoşev arasında geniş tərkibdə görüş keçirilib.
Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında mövcud olan yüksəksəviyyəli qarşılıqlı etimada və siyasi iradəyə əsaslanan dostluq, qardaşlıq, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələr üzrə dinamik inkişaf etdiyi məmnunluqla vurğulanıb. Bildirilib ki, dövlət başçılarının həyata keçirdikləri məqsədyönlü siyasət hüquq-mühafizə orqanları arasında əməkdaşlığın da keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə əlverişli zəmin yaradıb.
Baş prokuror Kamran Əliyev Azərbaycan və Özbəkistan xalqları arasında əsrlər boyu formalaşmış ortaq tarixi, milli-mənəvi dəyərlərə və qarşılıqlı hörmətə əsaslanan qardaşlıq münasibətlərinin dövlətlərarası əməkdaşlığın bütün istiqamətlərdə uğurla inkişafına mühüm töhfə verdiyini qeyd edib, prokurorluq orqanları arasında formalaşmış səmərəli əməkdaşlığın cinayət mühakimə icraatının səmərəliliyinin artırılması, qanunun aliliyinin təmin edilməsi və transmilli cinayətkarlığa qarşı mübarizə baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Görüş zamanı Azərbaycanın Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyətinin 2025-ci ilin sentyabr ayında Özbəkistana səfəri, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının VI iclasında, eləcə də Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının IV iclasında iştirakı məmnunluqla xatırlanıb, həmin səfərin iki ölkənin prokurorluq orqanları arasında institusional əlaqələrin daha da möhkəmlənməsinə və çoxtərəfli hüquqi əməkdaşlığın inkişafına mühüm töhfə verdiyi qeyd edilib.
Tərəflər ikitərəfli hüquqi əməkdaşlığın gələcək inkişaf perspektivlərini müzakirə edib, cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım, ekstradisiya, cinayət yolu ilə əldə edilmiş əmlakın müəyyənləşdirilməsi, üzərinə həbs qoyulması və müsadirəsi, transmilli mütəşəkkil cinayətkarlıq, korrupsiya, kibercinayətkarlıq, terrorçuluğun maliyyələşdirilməsi, insan alveri və digər müasir cinayət təzahürlərinə qarşı mübarizə, habelə rəqəmsal texnologiyaların tətbiqi, prokurorluq əməkdaşlarının peşə hazırlığı və təcrübə mübadiləsi sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.