Bakıda Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın IV iclası keçirilib.
×
Bakıda Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın IV iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasdan əvvəl Azərbaycan-İordaniya Hökumətlərarası Komissiyanın IV iclasının iştirakçıları Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb. Daha sonra nümayəndə heyəti Şəhidlər xiyabanında və Zəfər Parkında olub, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin xatirəsini yad ediblər.
Komissiyanın həmsədrləri – Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev və İordaniyanın sənaye, ticarət və təchizat naziri Yarub Qudah arasında iclasdan əvvəl keçirilən görüşdə ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və bu əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub, Hökumətlərarası Komissiyanın növbəti iclasının geniş məzmunlu gündəliyi nəzərdən keçirilib.
Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən iclasda çıxış edən S.Babayev Azərbaycan ilə İordaniya arasında 30 ildən artıq dövr ərzində formalaşmış münasibətlərin və Prezident İlham Əliyev ilə Kral II Abdullah arasında yüksək səviyyəli siyasi dialoqun iki ölkə arasındakı əməkdaşlığın möhkəmlənməsində mühüm rol oynadığını vurğulayıb. Nazir ikitərəfli münasibətlərin inkişafında Hökumətlərarası Komissiyanın mühüm platforma olduğunu bildirib və qeyd edib ki, komissiyanın bu gün keçirilən IV iclası əvvəlki təşəbbüsləri irəli aparmaq, eyni zamanda, yeni əməkdaşlıq sahələrini genişləndirmək üçün mühüm mərhələ olacaq.
Bildirilib ki, iki ölkə arasında indiyədək imzalanmış 40-dan çox sənəd əməkdaşlığın inkişafı üçün güclü hüquqi baza formalaşdırır və yeni təşəbbüslərin reallaşdırılması üçün əlverişli imkanlar yaradır.