×
Noyabrın 21-də Bakı Konqres Mərkəzində ölkənin ən böyük gənclər platforması, 147 gənclər təşkilatını ətrafında birləşdirən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) XIX Hesabat-Seçki Qurultayı keçirilib.
AZƏRTAC xəbər verir ki, qurultayda rəsmi şəxslər, Milli Şuraya üzv olan gənclər təşkilatlarının, beynəlxalq və yerli təşkilatların səlahiyyətli təmsilçiləri, həmçinin media nümayəndələri iştirak ediblər.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Sonra ARGTMŞ-nın hesabat videoçarxı və bir illik hesabatı təqdim olunub.
ARGTMŞ-nın sədri Azər Əliyev çıxışında təşkilatın fəaliyyətini dövlət müstəqilliyinin möhkəmlənməsi, beynəlxalq aləmdə layiqli təmsilçilik prinsiplərini rəhbər tutaraq qurduğunu qeyd edib. Həmçinin Gənclər Təşkilatları Milli Şurasının 2021-2022-ci illər üzrə fəaliyyət hesabatını təqdim edib.
Gənclər və idman nazirinin müavini İndira Hacıyeva gənclərin cəmiyyətdəki rolundan söz açaraq, nazirliyin Milli Şura ilə birlikdə həyata keçirdiyi uğurlu layihələrdən bəhs edib.
İndira Hacıyeva ARGTMŞ-nın yaradılması və fəaliyyətini ölkənin gənclər siyasətinin uğuru kimi qiymətləndirib. O, təşkilatın konfederativ qurum kimi fəaliyyət göstərməsinin müsbət bir ənənə olduğunu vurğulayıb. ARGTMŞ-nın bundan sonra da öz sıralarını genişləndirəcəyinə və təşkilatlar arasında şəbəkələşməni daha da gücləndirəcəyinə, qurumun gələcək illərdə də gənclər siyasətinin inkişafına töhfə verəcəyinə inandığını bildirib.
Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Həmid Nəsibov Gənclər Təşkilatları Milli Şurasının ölkəmizin və regionun ən böyük və peşəkar gənclər təşkilatlarından biri kimi fəaliyyətini uğurla davam etdirdiyini qeyd edib. Həmid Nəsibov qurumun Azərbaycanda dövlət gənclər siyasətinin həyata keçirilməsi, gənclərin inkişafına dəstək verilməsi işinə mühüm töhfələr verdiyini vurğulayıb.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Milli Məclisin deputatı Müşfiq Cəfərov, Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov çıxışlarında qurumun hesabat dövründəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.
Natiqlər ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından, eləcə də gənclərimizin beynəlxalq arenada qazandıqları nailiyyətdən danışıblar. İllik hesabat tədbirində, həmçinin həyata keçirilən layihələrin önəmi və təşkilatın gənclər sahəsinin inkişafındakı rolu xüsusi vurğulanıb.
Daha sonra ARGTMŞ sədrinin müəyyənləşməsi üçün açıq və onlayn səsvermə keçirilib. Şuranın hazırkı Baş katibi Azər Əliyev yenidən ARGTMŞ-ın sədri seçilib. Yeni seçilmiş sədr qarşıdan gələn müddətdə ARGTMŞ-nın fəaliyyətinin daha da inkişaf etdirilməsi, o cümlədən gənclər təşkilatlarının dəstəklənməsi, idarəçiliyin təkmilləşdirilməsi və beynəlxalq təmsilçiliyin daha da gücləndirilməsi ilə bağlı proqramı barədə məlumat verib.
Tədbir cari məsələlərin müzakirəsi ilə yekunlaşıb.
Qeyd edək ki, ölkənin ən böyük gənclər platforması olan ARGTMŞ 1995–ci ildən fəaliyyət göstərir. Təşkilatın məqsədi gənclərin bilik və bacarıqlarını Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına, demokratik quruculuq işlərinə yönəltməkdir