×
İyulun 16-da Azərbaycan Respublikası Konstitusiyasının 30 illik yubileyinə həsr olunmuş “Konstitusiya ədalət mühakiməsinin həyata keçirilməsi yolu ilə Konstitusiyanın aliliyinin təmin edilməsində müasir tendensiyalar” mövzusunda beynəlxalq konfrans və Türk Dünyası Konstitusiya Yurisdiksiyaları Konfransının (TÜRK-AY) birinci konqresi keçirilib.
Konstitusiya Məhkəməsindən AZƏRTAC-a bildirilib ki, konfransda iştirak etmək üçün ölkəmizə gələn xarici qonaqlar əvvəlcə Fəxri xiyabana gələrək, xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər.
Sonra Bakıda Zəfər parkı ziyarət edilib, abidə önünə gül dəstələri düzülüb.
Konfransın açılışında Azərbaycanın Dövlət Himni səsləndirilib və tədbir üçün hazırlanmış videoçarx nümayiş olunub.
Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Şimali Kipr Türk Cümhuriyyəti, Belarus, Gürcüstan, Moldova, Serbiya, İraqın konstitusiya ədalət mühakiməsi orqanlarının nümayəndə heyətləri beynəlxalq tədbirlərdə iştirak etmək üçün Konstitusiya Məhkəməsinin dəvəti ilə Bakı şəhərinə dəvət olunublar.
Həmçinin konfransda Milli Məclisin, Ali Məhkəmənin, Baş Prokurorluğun, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Vəkillər Kollegiyasının rəhbər şəxsləri və nümayəndələri, insan hüquqları üzrə müvəkkil (ombudsman), habelə bir sıra məhkəmələrin sədr və hakimləri, tanınmış alimlər, hüquq ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev konfransı açaraq Konstitusiyamızın 30 illik yubileyinə həsr olunan tədbirin əhəmiyyətini yüksək qiymətləndirib, burada səmərəli müzakirələrin aparılacağına əminliyini bildirib.
F.Abdullayev xüsusi vurğulayıb ki, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Qələbəmizin 5-ci ildönümü tamam olur. Prezident İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi müasir Azərbaycan dövlətçiliyinin inkişafında mühüm hadisə olmaqla, hüquqi dövlətçilik və suverenlik dəyərlərinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.
Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında əvəzolunmaz xidmətlərindən biri uğurlu dövlət quruculuğu prosesinin əsasının qoyulmasıdır. Ümummilli Liderin rəhbərliyi ilə hazırlanan müstəqil Azərbaycanın ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul olunub, bununla da ölkəmizdə hüquqi dövlət quruculuğunun möhkəm təməli qoyulub. Müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbulu dövlətçilik tarixində mühüm hadisə olmaqla, insan hüquq və azadlıqlarının həyata keçirilməsinə əsaslı zəmin yaradıb.
Diqqətə çatdırılıb ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin uzaqgörən və dərin düşünülmüş siyasəti, sərkərdəlik məharəti, əsgər və zabitlərimizin qəhrəmanlığı 2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror əməliyyatında tarixi zəfərləri təmin edib. Qazanılan şanlı Qələbə sayəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib, Konstitusiyamızın hüquqi qüvvəsi işğaldan azad edilmiş bütün torpaqlarımızda bərqərar olub.
Sonra Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov, Baş prokuror Kamran Əliyev, Ədliyyə naziri Fərid Əhmədov, insan hüquqları üzrə müvəkkil (ombudsman) Səbinə Əliyeva və Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov açılış nitqləri ilə çıxış ediblər.
Konfransın praktiki hissəsində Türkiyə Konstitusiya Məhkəməsinin sədri Kadir Özkaya, Belarus Konstitusiya Məhkəməsinin sədri Pyotr Miklaşeviç, Serbiya Konstitusiya Məhkəməsinin sədri Snejana Markoviç, Azərbaycan Konstitusiya Məhkəməsinin hakimi Fikrət Məmmədov, Özbəkistan Konstitusiya Məhkəməsinin sədri Mirzə-Uluqbek Abdusalomov, Moldova Konstitusiya Məhkəməsinin sədri Domnika Manole, İraq Federal Ali Məhkəməsinin sədri Munter İbrahim Hüseyn, Tacikistan Konstitusiya Məhkəməsinin sədri Abdulhafiz Aşurzoda, Şimali Kipr Türk Respublikası Ali Məhkəməsinin sədri Bertan Özerdağ, Qırğız Respublikası Konstitusiya Məhkəməsinin hakimi Çinarə Aydarbekova, Qazaxıstan Konstitusiya Məhkəməsinin hakimi Erkin Onqarbayev çıxış edərək, öz ölkələrində konstitusiya ədalət mühakiməsinin həyata keçirilməsi yolu ilə Konstitusiyanın aliliyinin təmin edilməsi sahəsində mövcud təcrübələrini bölüşüblər.
Məruzələrdən sonra mövzular ətrafında müzakirələr və geniş fikir mübadiləsi aparılıb.
Tədbirə yekun vuran Fərhad Abdullayev konfransın gedişatında müxtəlif aktual mövzulara toxunulduğunu və səmərəli fikir mübadiləsi aparıldığını bildirib. Qeyd edilib ki, müxtəlif hüquq sistemlərinə malik ölkələrin təcrübələrinin bölüşüldüyü konfransda maraqlı müzakirələr aparılıb, Konstitusiya məhkəmələrinin qərarlarında formalaşdırılan hüquqi mövqelər, konstitusiya ədalət mühakiməsinin həyata keçirilməsi yolu ilə Konstitusiyanın aliliyinin təmin edilməsində müasir tendensiyalar ilə bağlı maraqlı fikirlər ifadə edilib.