×
“AZCON Holding”in şirkətlərindən olan Bakı Gəmiqayırma Zavodunda inşa edilən və Azərbaycan tərəfindən Türkmənistan hədiyyə olaraq təqdim olunacaq “Dostlug” neftdaşıyan tankerinin açılış mərasimi baş tutub.
AZƏRTAC xəbər verir ki, tədbirdə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Batır Annayev, “Bakı Gəmiqayırma Zavodu” MMC-nin və “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) rəhbərliyi iştirak edib.
Mərasim zamanı qarşı tərəfə gəminin texniki göstəriciləri, təyinatı, istismar imkanları, eləcə də Bakı Gəmiqayırma Zavodunda həyata keçirilən cari və perspektiv layihələr barədə məlumat verilib.
Bildirilib ki, “Dostlug” neft məhsullarının daşınması üçün nəzərdə tutulmuş tankerdir. Gəminin ümumi uzunluğu 141 metr, eni 16,9 metr, dəniz suya oturumu 4,54 metr, dedveyti 7,875 ton, yük və çökdürmə tanklarının ümumi tutumu isə 9,056 kubmetr təşkil edir. Tanker hər birinin gücü 1,200 kVt olan iki baş mühərriklə təchiz edilib və 10 uzel sürətə malikdir.
“Dostlug” tankerinin inşası Bakı Gəmiqayırma Zavodunun irihəcmli və texnoloji baxımdan mürəkkəb gəmiqayırma layihələrini həyata keçirmək imkanlarını bir daha nümayiş etdirir.
Qeyd edək ki, “Bakı Gəmiqayırma Zavodu” MMC fəaliyyətə başladığı dövrdən etibarən ümumilikdə 14 gəmi tikinti layihəsini uğurla həyata keçirib və 170-dən çox gəminin təmirini icra edib. Hazırda zavodun sifariş portfelinə daxil olan 17 gəmidən 11-nin tikintisi davam edir, 6 gəmi isə layihələndirmə mərhələsindədir. Mövcud layihələrin 2028-ci ilədək tamamlanması planlaşdırılır.
Eyni zamanda bildirək ki, ötən ay “Bakı Gəmiqayırma Zavodu” MMC ilə “Samruk-Kazına” ASC-nin şirkətlər qrupuna daxil olan “KTZ Express Shipping” şirkəti arasında gəmiqayırma sahəsində əməkdaşlıq üzrə müqavilə də imzalanıb. Bu müqaviləyə əsasən, müasir beynəlxalq standartlara uyğun iki ədəd 537 TEU tutumlu quru yük konteyner gəmisinin inşası həyata keçiriləcək. Həmçinin Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında strateji əməkdaşlıq çərçivəsində “Bakı Gəmiqayırma Zavodu” MMC-də Xəzər dənizində istismar olunması nəzərdə tutulan iki ədəd 780 TEU tutumlu konteyner gəmisindən birincisinin tikintisinə başlanılması münasibətilə kilqoyma mərasimi olub. Beləliklə, zavodun tarixində ilk dəfə beynəlxalq sifarişlər əsasında inşa ediləcək gəmilərin sayı 4-ə çatıb.
Azərbaycan istehsalı olan “Dostlug” tankerinin Türkmənistan sularında istismara verilməsi Azərbaycan gəmiqayırma sənayesinin inkişafı, milli sənaye potensialının beynəlxalq səviyyədə nümayişi, eləcə də Azərbaycan ilə Türkmənistan arasında dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.