Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Ailə dəyərlərimizə gənclərin baxışı” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Aİİ təşkil edib.
×
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Ailə dəyərlərimizə gənclərin baxışı” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Aİİ təşkil edib.
Tədbirdə DQİDK-nın sədri Ramin Məmmədov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Milli Məclisin bir sıra komitə sədrləri, Aİİ-nin rektoru Aqil Şirinov və başqaları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Aİİ-nin nəzdində fəaliyyət göstərən “İslam incəsənəti” dərnəyi tərəfindən “Ailə dəyərləri İslam incəsənətinin gözü ilə” mövzusunda hazırlanmış sərgi ilə tanış olublar.
Aİİ-nin rektoru, dosent Aqil Şirinov jurnalistlərə açıqlamasında bildirib ki, sərgi 15 May - Beynəlxalq Ailə Gününə həsr olunub: "Tələbələrimizin hazırladıqları bu rəsmlərdə Qurani-Kərimdən müxtəlif ayələr, hədislər öz əksini tapıb. Bunlar ailə dəyərlərini təşviq edən, ailəyə əhəmiyyət verən kəlamlardır".
Daha sonra “Açıq dərs” formatında davam edən tədbirdə tələbələr “İslamda ailə dəyərləri”, “İslamda uşaq tərbiyəsi”, “Ailə institutunun ictimai əhəmiyyəti” və “Erkən nikahın qarşısının alınmasında təhsilin rolu” mövzularında çıxış ediblər.
Sonda “Ailə dəyərlərimizə gənclərin baxışı” mövzusunda keçirilən esse müsabiqəsində I, II, III yerləri tutan, eləcə də, müsabiqədə iştirak edən digər tələbələr təltif olunublar. Eyni zamanda, “Ailə dəyərləri İslam incəsənətinin gözü ilə” sərgisinin hazırlanmasında iştirak edən və “Açıq dərs”də təqdimatlarla çıxış edən təhsilalanlar təltif ediliblər.