Azərbaycan Sahibkarlar Konfederasiyası üzv olduğu İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası ölkələrinin investorlarını Qarabağda əməkdaşlığa dəvət edir.
×
Azərbaycan Sahibkarlar Konfederasiyası üzv olduğu İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası ölkələrinin investorlarını Qarabağda əməkdaşlığa dəvət edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakıda keçirilən İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının 35-ci iclasında çıxış edən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev deyib.
M.Musayev qeyd edib ki, ötən 3 ildə işğaldan azad edilən torpaqlarımızı dirçəltmək üçün sərf olunan vəsaitin həcmi 7 milyard ABŞ dollarına yaxındır. İşğaldan azad edilmiş ərazilərdə dövlət səviyyəsində aparılan işlərin ardıcıllığı və intensivliyi yaxın illərdə bölgənin iqtisadi cəhətdən sürətlə inkişaf edəcəyindən xəbər verir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında müasir dövrün tələblərinə uyğun olaraq ən yeni texnologiyalar tətbiq edilməklə güclü infrastruktur qurulur. Paralel şəkildə erməni vandalları tərəfindən təhqir olunmuş dini abidələrimizin bərpası işləri də sürətlə davam etdirilir və məscidlərimizin, qəbiristanlıqların vəhşicəsinə dağıdılması faktları müvafiq beynəlxalq təşkilatlara təqdim olunub.
"Qarabağ böyük iqtisadi potensiala malikdir. Xüsusən də bioloji təmiz kənd təsərrüfatı məhsullarının yetişdirilməsi, mədən sənayesi, turizm potensialına görə unikal ərazilər hesab edilir. Azərbaycan Prezidentinin Sərəncamı ilə həmin ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, vergi güzəştlərinin, sosial sığortanın və digər güzəştlərin tətbiqi, investisiyaların təşviqi mexanizmlərinin təkmilləşdirilməsi, istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün kommunal xidmətlər üzrə güzəştlər, əmək miqrasiyası kvotalarının müəyyən edilməsi və iş icazələrinin verilməsi qaydasının təkmilləşdirilməsi, ekoloji cəhətdən təmiz texnologiyalar tətbiq edən, “yaşıl artım” yaradan və bərpaolunan enerji mənbələrindən istifadə edən investorların dəstəklənməsi, yaşayış massivlərinin tikintisi ilə bağlı dövlət-özəl tərəfdaşlığın inkişafı ilə bağlı güzəştlərin təmin olunması tapşırılmışdır. Artıq investisiya layihələri üzrə 80-ə yaxın fəaliyyət həyata keçirilir. Bunlar əsasən sənaye, kənd təsərrüfatı, ticarət və xidmət sektorlarını əhatə edir", - deyə M.Musayev əlavə edib.