Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) İdarə Heyətinin sədrinin müavini Ramazan Nəbiyev AZƏRTAC-ın suallarını cavablandırıb.
×
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) İdarə Heyətinin sədrinin müavini Ramazan Nəbiyev AZƏRTAC-ın suallarını cavablandırıb. O, ölkədə qida təhlükəsizliyinin təmin olunması, əhalinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təminatının yaxşılaşdırılması, eləcə də yerli məhsulların ixrac potensialının artırılması istiqamətində həyata keçirilən kompleks tədbirlər barədə danışıb. Müsahibəni təqdim edirik.
- Azərbaycanda qida təhlükəsizliyinin təmin olunması və qida məhsullarının ixrac potensialının artırılması istiqamətində hansı tədbirlər görülür?
- Ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması, əhalinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təminatının yaxşılaşdırılması, eyni zamanda, istehsal edilən yerli məhsulların ixrac potensialının artırılması istiqamətində əhəmiyyətli irəliləyişlərə nail olunub. Belə ki, yeni qida təhlükəsizliyi sistemi üzrə qanunvericilik təkmilləşdirilərək “Qida təhlükəsizliyi haqqında” Qanun qəbul edilib, müvafiq dövlət proqramı qəbul olunaraq icrası uğurla davam etdirilib, risk əsaslı nəzarət sisteminin tətbiq olunmasına başlanılıb. Sadalamağa davam etsək, uzun bir siyahıya çevriləcək bütün bu kompleks tədbirlərin davamı olaraq hazırda “Heyvan sağlamlığı” və “Bitki sağlamlığ”ı üzrə də “Qida təhlükəsizliyi haqqında” Qanuna bənzər formada ən qabaqcıl beynəlxalq təcrübələr nəzərə alınmaqla, qanun layihələri hazırlanıb və qəbulu istiqamətində işlər davam etdirilməkdədir. Bundan başqa, dövlət proqramının icrasının bu ilin sonunda yekunlaşacağı nəzərə alınaraq yeni proqramın layihəsinin hazırlanması istiqamətində də işlərə başlanılıb. Davamlı olaraq həyata keçirilən bütün bu kompleks tədbirlər ölkəmizin qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələri üzrə inkişafının sürətlə davam edəcəyinin bir göstəricisidir. İxrac potensialı ilə bağlı məsələyə gəldikdə isə qeyd etməliyəm ki, görülən bütün işlərin və əldə olunan nailiyyətlərin ölkədə qida təhlükəsizliyinin təmin edilərək həyat və sağlamlığın qorunmasına xidmət göstərməsi, həm də birbaşa olaraq yerli məhsullarımızın beynəlxalq ticarət imkanlarının genişlənməsi mənasına gəlir. Çünki qida məhsullarının rəqabət qabiliyyəti ilə bağlı ən önəmli faktorlardan biri də onların təhlükəsizliyi, hətta onların təhlükəsizliyinə beynəlxalq tərəfdaşlar tərəfindən göstərilən etimaddır. Yəni istehsalçı ölkədə bərqərar olan, tətbiq edilən qida təhlükəsizliyi sistemi və qida təhlükəsizliyi statusu bu məsələdə ən əhəmiyyətli göstəricidir. Bu səbəblə hər üç sahə üzrə əldə olunan nəticələr son illərdə məhsullarımızın rəqabət qabiliyyətinə müsbət təsir göstərib və göstərməyə də davam edəcək. Misal üçün, son illərdə Avropa İttifaqı (Aİ) ölkələrinə fındıq ixracına yaşıl dəhliz tətbiq olunub, yun, gön-dəri məhsullarının, akvakulturada yetişdirilən balıq və balıq kürüsü məhsullarının ixracına icazə verilib, bu birlik tərəfindən tanınan istehsal müəssisələrinin sayı 2-dən 12-yə çatdırılıb. Bir sıra ölkələrə ərzaqlıq yumurtanın ixracına nail olunub, Çin Xalq Respublikasına badam və fındığın ixracına razılıq əldə edilib.