Dövlət Sosial Müdafiə Fondu fərdi uçotun sağlamlaşdırılması tədbirlərini həyata keçirir. Sağlamlaşdırma tədbirləri nəticəsində fərdi hesablara düşməmiş kapitalın ümumi həcmi 1 milyard 355 milyon manat həcmində qiymətləndirilib.
×
Dövlət Sosial Müdafiə Fondu fərdi uçotun sağlamlaşdırılması tədbirlərini həyata keçirir. Sağlamlaşdırma tədbirləri nəticəsində fərdi hesablara düşməmiş kapitalın ümumi həcmi 1 milyard 355 milyon manat həcmində qiymətləndirilib. Hazırkı dövrdə 1 milyard 252 milyon manatlıq bir hissə fərdi hesablara bölüşdürülüb, 102 milyon manatlıq bir hissənin isə fərdi hesablara bölüşdürülməsi istiqamətində tədbirlər görülür.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondu İdarə Heyətinin sədri Himalay Məmişov 2022-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.
H.Məmişov qeyd edib ki, aparılan islahatın nəticəsində 365 min sığortaedənin hesablarında həmin vəsaitlər əks olunub. Həmin bölüşdürülmüş məbləğlər 2.7 milyon sığortaolunanın fərdi hesabına düşüb. Aparılan islahat nəticəsində 68 min əmək pensiyaçısı həmin vəsaitlərdən istifadə edib. İki minə yaxın pensiyaçı, yəni sosial ödəniş, müavinət alan şəxsin həmin bölüşdürmələr nəticəsində pensiya hüququ yaranıb və onlara pensiyalar təyin olunub. 4 min 200 şəxs isə həmin bölüşdürmə nəticəsində əmək pensiyasının yenidən hesablanması hüququndan istifadə edərək öz pensiya məbləğlərini artırıb.