Azərbaycan Respublikasının Ali Məhkəməsinin təşəbbüsü ilə yaradılan “Femida dialoq platforması” çərçivəsində media qurumlarının rəhbərləri ilə görüş keçirilir.
×
Azərbaycan Respublikasının Ali Məhkəməsinin təşəbbüsü ilə yaradılan “Femida dialoq platforması” çərçivəsində media qurumlarının rəhbərləri ilə görüş keçirilir.
AZƏRTAC xəbər verir ki, Ali Məhkəmənin sədri İnam Kərimov çıxış edərək ölkəmizdə məhkəmə sistemində islahatların hər zaman dövlətin diqqət mərkəzində olduğunu qeyd edib. Bildirib ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə dövlətçiliyin təməl prinsiplərindən sayılan qanunun aliliyinin, insan hüquqları və demokratik dəyərlərin qorunması istiqamətində mühüm addımlar atılıb. Əsası Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev tərəfindən qoyulan məhkəmə-hüquq islahatları bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanğıcı hesab olunan böyük həcmli islahatlar “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel Fərmanın qəbulu ilə davam etdirilib. Bu sənəd ölkəmizdə ədalət mühakiməsinin yüksək keyfiyyətlə həyata keçirilməsi və hüquqların məhkəmə müdafiəsinin daha da güclənməsinə müsbət təsir göstərib.
Məhkəmə islahatlarının mərkəzində yer alan Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən digər orqanlarla birgə Fərmanın icrası istiqamətində təhlillər apararaq qabaqcıl beynəlxalq təcrübə öyrənilib, nəticədə cəza siyasətinin humanistləşdirilməsi, vahid məhkəmə təcrübəsinin formalaşdırılması, məhkəmələrin və hakimlərin sosial təminatının gücləndirilməsi və digər məsələlərlə bağlı bir çox normativ aktlar qəbul edilib. Qarşıda hələ də görüləcək işlər var və bundan sonra da islahatlar davam etdiriləcək.