×
Martın 31-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl azərbaycanlılara qarşı törədilən soyqırımı qurbanlarının, həmçinin Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxışında erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı siyasətindən danışıb. Bildirilib ki, 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik silahlı dəstələrinin Azərbaycan xalqına qarşı xüsusi qəddarlıqla törətdiyi soyqırımıları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, ümumilikdə bəşər tarixində ən qanlı faciələrdən biridir.
Qeyd edilib ki, həmin vaxt on minlərcə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib. Həmçinin yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscidlər və digər ibadət yerləri yerlə-yeksan edilib. Kütləvi qətllər və talanlar Bakı ilə yanaşı, Qarabağda, Zəngəzurda, Naxçıvanda, İrəvanda, Göyçədə və digər bölgələrdə də törədilib.
Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini unutmamaq məqsədilə Ulu Öndər Heydər Əliyev 1998-ci ildə “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalayıb. Həmin Fərmanla martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Eyni zamanda, Prezident İlham Əliyevin 2009-cu ildə imzaladığı Sərəncamla Quba şəhərində “Soyqırımı memorial kompleksi” yaradılıb. Bütün bunlar erməni şovinizmi və terrorizminin ifşa olunması və dünyaya çatdırılması, xalqımızın gələcək nəsillərinin milli yaddaşının qorunması, soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi baxımından son dərəcə əhəmiyyətli addımlardır.
Vurğulanıb ki, Azərbaycanın parlaq Qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsi zamanı ermənilərin xalqımıza qarşı törətdikləri bütün cinayətlərin cavabı layiqincə verildi.
Digər çıxış edənlər ermənilərin Azərbaycan ərazisinə köçürülməsinin tarixindən, bu siyasətin acı nəticələrindən, 1918-ci il mart soyqırımından danışıblar. Natiqlər, həmçinin 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərin əhəmiyyətini, Qələbəmizdən sonra Qarabağda və Şərqi Zəngəzurda nəhəng bərpa-quruculuq işlərinin aparıldığını və insanlarımızın tezliklə öz doğma torpaqlarına qayıdacaqlarını qeyd ediblər.
Sonda şəhid ailələrinə və qazilərə, müharibə iştirakçılarına bundan sonra da diqqət və qayğı göstərilməsinin vacibliyi diqqətə çatdırılıb, əməyin mühafizəsi, sağlam və təhlükəsiz iş şəraitinin yaradılması, həmkarlar ittifaqlarına ünvanlanan bütün müraciətlərin dərindən araşdırılması, qaldırılan bütün problemlərin qanunvericiliyə uyğun olaraq həlli ilə bağlı bir sıra tapşırıq və tövsiyələr verilib.