×
Mayın 4-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Heydər Əliyev və Azərbaycan həmkarlar ittifaqları” mövzusunda tədbir keçirilib.
Tədbirdə Prezident Administrasiyasının Qeyri Hökumət Təşkilatları ilə İş üzrə Kommunikasiya şöbəsinin əməkdaşı Əli Pənahov, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və digər rəsmi şəxslər iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, Bakı Konqres Mərkəzində təşkil olunan tədbirdən əvvəl AHİK-in rəhbərliyi və kollektivi, həmçinin üzv təşkilatların rəhbərləri və əməkdaşları Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb. Həmçinin iştirakçılar görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə gül dəstələri düzüblər.
Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətindən və həmkarlar ittifaqlarına göstərdiyi diqqət və qayğıdan bəhs edən videoçarx nümayiş olunub.
AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin həyatından və siyasi fəaliyyətindən, həm sovet dövründə, həm də müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə xalqımız üçün gördüyü işlərdən, xilaskarlıq missiyasından, dövlət quruculuğu siyasətindən, həmkarlar ittifaqlarına göstərdiyi hərtərəfli dəstəkdən, verdiyi qiymətli tövsiyələrdən danışıb.
Bildirilib ki, xalqına, dövlətinə ən ali hisslərlə bağlı olan Heydər Əliyev bütün azərbaycanlıların Ulu Öndəri, Ümummilli Lideridir. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə dövlətçiliyimizin təməllərini elə mükəmməl formalaşdırıb ki, bu, yüzilliklər boyu ölkəmizin uğurlu inkişafını təmin etməyə imkan verib.
Qeyd edilib ki, Ulu Öndər hələ sovet hakimiyyəti illərində həmkarlar ittifaqlarını daim dəstəkləyir, onun hərtərəfli inkişafına şərait yaradırdı. Məhz onun respublikaya rəhbərliyi dövründə yeni istirahət mərkəzi və sanatoriyalar, uşaq düşərgələri istifadəyə verilib.
“Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı ilə həmkarlar ittifaqlarının həyatında köklü dəyişikliklər baş verib, kurort-turizm obyektlərinin genişləndirilməsinə, idman obyektlərinin, inzibati binalarının yenidən qurulmasına başlanılıb, “Həmkarlar ittifaqları haqqında” Qanun qəbul edilib. Beləliklə, təşkilatın fəaliyyəti genişlənib, əvvəlki nüfuzu özünə qaytarılıb”, - Səttar Möhbalıyev vurğulayıb.
Digər çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində gördüyü işlərdən, onun müəyyənləşdirdiyi daxili və xarici siyasətin ölkəmizin inkişafına və möhkəmlənməsinə verdiyi töhfələrdən danışıblar. Natiqlər Ulu Öndərin həmkarlar ittifaqlarının inkişafına, təhsil, gənclər və idman sahəsinə olan xüsusi diqqətini qeyd ediblər.
Tədbirdə, həmçinin Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmizin əldə etdiyi nailiyyətlərdən, bütün sahələrdə qazanılan uğurlu göstəricilərindən, həmçinin Şərqi Zəngəzurun və Qarabağın Ermənistan işğalından azad olunmasında, hazırda həmin ərazilərdə aparılan abadlıq-quruculuq işlərindən danışılıb.