Zəngilandan məcburi köçkün düşəndə 11 yaşım vardı, hazırda 42 yaşım var. Elə bilirəm, uşaqlığım orada dayanıb məni gözləyir.
×
Zəngilandan məcburi köçkün düşəndə 11 yaşım vardı, hazırda 42 yaşım var. Elə bilirəm, uşaqlığım orada dayanıb məni gözləyir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində işğaldan azad edilən Zəngilana qayıdan keçmiş məcburi köçkün Vüsalə Əhmədova deyib.
“Bu günü bizə yaşadan oğullarımıza təşəkkür edirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı nəsib etsin. Biz 31 il vətən həsrəti ilə yaşadıq. Bu gün artıq Vətən həsrətinin bitdiyinə şahidlik edirəm, bunun sevincini yaşayıram. Zəngilanı bir an da olsun unutmamışdıq", - deyə V.Əhmədova bildirib.
Qeyd edək ki, sentyabrın 13-də Abşeron rayonunun Masazır kəndindən Zəngilan rayonunun yenidən salınmış Ağalı kəndinə növbəti köç karvanı yola salınıb. İndiyədək Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış 25 ailə (123 nəfər) bundan sonra doğma yurdda yaşamağa başlayacaq. Onlar ermənilərin işğal dövründə tamamilə dağıtdıqları 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin sakinləridir.