×
Çağdaş yazıçılardan biri onu “dünyanın ən varlı şəhəri” adlandırıb...
Bir vaxtlar ona “Qarabağın toy otağı” deyərdilər...
Xarici jurnalistlər isə indiki görkəminə görə, ona “Qafqazın Xirosiması” adı veriblər...
Əlbəttə, doğrudan da indiki görkəminə görə, sonuncu ad ona daha çox uyğun gəlir.
Amma Ağdama bu görkəm yaraşmır! Heç yaraşmır!
Ağappaq ağ damların boy-boya verdiyi, ən gözəl, ən yaraşıqlı fərdi evlərin tikildiyi, min bir dərdin dərmanının tapıldığı, küllü-Qarabağdan hər kəsin üz tutduğu bölgənin ən böyük şəhərinin əvvəlki qaynar həyatından əsər-əlamət yox idi...
Havası gül qoxuyan, suyu, torpağı da muğam avazlı Ağdam şəhəri heç özünə bənzəmirdi...
Mədəniyyət Nazirliyinin mədəni irsin vəziyyəti ilə tanış olmaq üçün Ağdama təşkil etdiyi mediturdan qayıdan AZƏRTAC-ın əməkdaşının şəhər haqqında ilkin təəssüratı belə olub.
Tarix yaşadan xarabalıqlar və yeni salınacaq şəhərin perspektivləri
Hər şeyin bir həddi var.
Lap elə vəhşiliyin, qəddarlığın da.
Doğrudanmı həyat nişanəsi olan hər şeyə - dam-divara, bağ-bağata, ağaca, kol-kosa bu dərəcədə vəhşiliklə qənim kəsilmək, divan tutmaq olar? Evlər, kommunal binalar, sosial obyektlər, parklar xüsusi amansızlıq və qəddarlıqla yerə yeksan edilib. Gözə görünən nə varsa, hamısı məhv edilib: min hektarlarla uzanan üzüm bağları, otlaqlar, su mənbələri, elektrik avadanlıqları, kanalizasiya xətləri...
Bir vaxtlar öz gözəlliyi, füsunkarlığı ilə göz oxşayan Qarabağın baş qapısı sayılan Ağdam ərazisində daş üstdə daş qalmayıb. Lakin bu dağıntıların, xarabalıqların qalıqları altında nə qədər tarix, həyat və xatirə yaşayır...
Belə ünvanlardan biri və ən əsası, XVIII - XIX əsrlərə aid Qarabağ xanlığının yaradıcısı Pənahəli xanın İmarət qəbiristanlığında yerləşən məqbərəsidir. Burda onun varisi İbrahimxəlil xanın, eləcə də Xurşidbanu Natəvan və oğlu dəfn olunub və onların xatirəsinə türbə tikilib. Təəssüf ki, bu tarixi məkandan ancaq türbələrin divarları qalıb.
Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov məlumat verərək deyib: "Otuz ilə yaxın düşmən əsarəti altında qalan torpaqlarımız Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad ediləndən sonra yaradılan işğaldan azad olunmuş ərazilərin bərpası üzrə xüsusi əlaqələndirmə qərargahı bərpa və quruculuq işləri həyata keçirir. Təbii-coğrafi baxımdan respublikamızın zəngin bölgələrindən biri olan Ağdam -xalqımızın çoxəsrlik tarixini özündə əks etdirən abidələr diyarıdır. Xalqımızın mədəni-tarixi irsinə vurulan zərbə, bədxah qonşularımızın törətdiyi vandallıq əməlləri, törətdikləri vəhşiliklərin izləri göz qabağındadır. İndi əsas iş dəyən ziyanın qiymətləndirilməsi və mədəni –tarixi irsin bərpası, yenidən qurulması üçün işlərə başlanılıb və bu sahədə zəruri tədbirlər həyata keçirilir. Ağdam şəhərində böyük bir ərazi minalardan təmizlənib və təmizlənən ərzilərə yaşıl nişanlar qoyulur. Minaların təmizlənməsi işi fasiləsiz olaraq aparılır. Lakin bu, şəhərdə başlanılan quruculuq və bərpa işlərinin aparılmasına mane olmayacaq və tam sürətlə həmin işlər həyata keçiriləcək.
Tarixən Ağdam rayonunda sənaye-kənd təsərrüfatı, xüsusilə də emal sənayesi daha çox inkişaf edib. Ərazidə çox geniş və məhsuldar torpaqlar, əkin sahələri, həmçinin tikinti-inşaat materialları bazarının inkişafı üçün çox münbit şərait var. Ona görə də rayonda sənaye klastrının formalaşması daha düzgün olar. Prezident İlham Əliyev Ağdamda olarkən şəhərdə 190 hektar ərzidə yaradılacaq sənaye parkının təməlini qoydu. Hazırda İqtisadiyyat Nazirliyi və digər müvafiq orqanlarla birlikdə orada fəaliyyət göstərmək istəyən şirkətlərin müraciətlərinə baxılır, onların siyahısı tərtib olunur. Onlara tətbiq olunacaq güzəştlər də müəyyən edilib. Ümumiyyətlə, burada müasir və gözəl bir şəhərin salınması üçün çox böyük imkanlar var. Ağdamın bərpa edilib, müasir şəhərə çevrilməsi iqtisadi baxımdan çox sərfəli fəaliyyət olmaqla yanaşı, həm də şərəf məsələsidir”.
Çörək muzeyi və ağır günlərin şahidi olan Cümə məscidi
Mediaturun növbəti marşrutu vaxtilə köhnə un dəyirmanının yerində yaradılmış Çörək muzeyi və şəhərdə Cümə məscidi oldu. Muzey keçmiş SSRİ-də birinci, dünyada isə ikinci olub. Vaxtilə mədəniyyət abidəsi kimi qorunan muzeydə 2800-ə yaxın eksponat nümayiş olunub. Onun ziyarətçiləri burada həyat üçün ən zəruri nemət olan çörək və çörək məmulatları, əkinçilik alətləri və onların tarixi ilə tanış olurdular. Ən maraqlı eksponatları arasında isə Leninqrad mühasirəsinin iştirakçısı olan rus qadınının muzeyə bağışladığı ağır günlərin yadigarı kimi saxladığı, kömürləşmiş 150 qramlıq çörək parçası, akademik İman Mustafayevin şəxsi arxivindən bağışlanılan yeddi min daşlaşmış buğda dənəsi, kosmonavt çörəyi olub...
İndi nə bu nadir muzey var, nə ona bitişik ərazidə təndirxanası olan "Sünbül" kafesi, nə də yaxınlıqdakı karvansara. Yerində isə quru divarlar və həmin divarlardakı mozaikanın salamat qalan hissəsi qalıb.
Muzeyin yaxınlığında yerləşən, 150 yaşı olan Qarabağın özünəməxsus dini memarlığının monumental örnəklərindən sayılan Cümə məscidi də erməni vandallığının qurbanlarından olan məkanlar sırasındadır. Məşhur memar Kərbəlayı Səfixan Qarabağinin rəhbərliyi ilə inşa edilən Cümə məscidinin indiki görkəmi onların quldur təbiətini bir daha nümayiş etdirir. Erməni hərbçiləri tərəfindən keşikçi-müşahidə məntəqəsi kimi istifadə olunan məscid binası öz təyinatına uyğun olmayan şəkildə təhqir edilib. Onun gah anbar, müxtəlif avadanlıqların və hətta heyvanların saxlanılması yeri kimi istifadə edilməsi barədə məlumatlar var. Hətta məscidin yandırılmasına da cəhd göstərilib. Bu, həm ümumbəşəri dəyərlərə, həm də beynəlxalq hüquqi sənəd və normalara, xüsusilə də 1954-cü ildə Haaqada qəbul olunmuş silahlı münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında Konvensiyaya ziddir. Hazırda məscidin yenidən bərpası və öz ilkin təyinatına qaytarılması gündəmdə əsas məsələ kimi durur.
1992-ci ildə Xocalı soyqırımı zamanı ermənilərin qətlə yetirdiyi dinc, günahsız insanların cəsədləri Qarqar çayının yan-yörəsindən, Qaraqaya yüksəkliyi ətrafından yığılıb məscidə gətirilir, burada yuyulub-kəfənlənib tabutlara qoyularaq, şəhərin cənub çıxışında yerləşən parkın ərazisində dəfn edilib. Dəhşətli və unudulmaz günlərə şahidlik edən Cümə məscidi ən çox Xocalı şəhidi qəbul edən məkan olub...
Üç yaşında Ağdamı tərk edən sakinin 28 il sonrakı təəssüratı
Ağdamın ziyarətçiləri arasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov da var idi. O, öz təəssüratlarını bölüşərək deyib: “28 il sonra dünyaya gəldiyin, ilk dəfə iməklədiyin, daşından-divarından tuta-tuta ayaq açıb yeridiyin şəhərə gəlmək sözlə ifadəsi çox çətin olan hisslərdir. Bu qeyri-adi və izah olunmaz hissləri yaşadığıma görə ilk növbədə Prezident, Ali Baş Komandan İlham Əliyevə və müzəffər Azərbaycan Ordusunun qəhrəman əsgərlərinə çox böyük minnətdarlıq edirəm. Əlbəttə, doğulduğum şəhəri, yaşadığımız evi xatırlamaq mənin üçün bir qədər çətindir, çünki burada cəmi üç il yaşamışam. İndi xarabalıqları qalan bu evlərdən hansısa birinin mənim dünyaya göz açdığım ev olduğunu dəqiq xatırlaya bilməsəm də, təxmin edirəm. Dünyaya gəldiyin, uşaqlığını keçirdiyin yerə gedə bilməmək çox ağır və arzuolunmaz hissdir. Mənə çox əziz olan bu şəhərin yaşadığı vandalizm və ürəkparçalayan vəhşiliyi görmək də çox çətindir. Görünür, Ağdamı əbəs yerə “ruhlar şəhəri” hesab etmirlər. İzlədiyimiz mənzərələr təkcə xalqımızın dinc sakinlərinə qarşı deyil, onun mədəni irsinə, abidələrinə, dini ibadətgahlarına qarşı törədilən soyqırımıdır. Aradan ötən illər ərzində bu barədə çox eşitmiş, oxumuşuq, lakin onu öz gözlərinlə görmək tamamilə başqa təəssüratdır. Çox şükür ki, yenidən doğma yurda, doğma ocağa qayıtmışıq və inanırıq ki, şəhərdə başlanılan bərpa işləri tezliklə yekunlaşacaq və bunun ardınca Böyük Qayıdış başlanılacaq. Azərbaycan xalqı öz torpağına, tarixinə, mənəvi dəyərlərinə çox bağlıdır. Təkcə elə öz ailəmizin timsalında həmin günün necə intizar və səbirsizliklə gözlənildiyini təsəvvür edirəm”.
Vandallığa məruz qalan Qiyaslı məscidi
Erməni quldurlarının vəhşiliyinə ürcah olan təkcə insanlar deyil, onların tikib-qurduğu, izlərini yaşatdığı hər şeydir. Tarixi keçmişimizin bir parçası olan mədəniyyət abidələri də bu vəhşilikdən yan keçməyib.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli deyib: “Qiyaslı məscidi mühüm tarixi-mədəniyyət abidlərindən biridir. XVIII əsrin yadigarı olan bu məscid 2001-ci ildə Nazirlər Kabineti tərəfindən inventarlaşdırılıb və reyestrə daxil edilib. Aparılan monitorinqlər zamanı digər abidələr kimi Qiyaslı məscidi də vandallığın hədəfinə çevrilib, onun yandırılmasına və dağıdılamasına cəhd göstərilib, təyinatına uyğun olmayan şəkildə istifadə edilib. Qiyaslı məscidi də vandallığa məruz qalıb və dam örtüyü, o cümlədən fasadı tamamilə dağıdılıb. Ağdam şəhərinin infrastruktur layihələri üzərində iş gedir və onun bərpasından sonra ziyarətçilərin üzünə açıq olacaq”.
Xidmətin rəisi ümumən rayonda olan mədəni abidələr haqqında da məlumat verib: “Ağdam Bakıdan sonra ölkəmizdə ən çox qalereyası, sərgi salonları və muzey eksponatları olan ikinci şəhər olub. Ağdam rayonu ərazisində qeydiyyatda olan 134 tarix mədəniyyət abidəsi var. Rayon ərazisində 4 dünya, 3 ölkə, 130 yerli əhəmiyyətli memarlıq və arxeoloji abidə vardır. Həmin abidələrin 75-i işğal zonasındadır. Üzərliktəpə abidəsi, Kəngərlidəki XIV əsrin yadigarı - daş abidələr, Papravənddəki Xanoğlu türbəsi və rayon ərazisində olan milli mədəniyyətimizin qiymətli nümunələrinin qorunması üçün də işlər görülür. Onların təxminən yarısında monitorinqlər aparılıb, ilkin inventarlaşdırılması və mühafizəsi ilə əlaqədar tədbirlərin görülməsi üçün müvafiq təhlillər aparılıb ”.
Salamatlığını qoruyan Şahbulaq qalası
İşğaldan azad edilmiş ərazidəki bəlkə də yeganə abad yer Şahbulaq qalasıdır. Qarabağ xanlığının ərazisində Pənahəli xanın inşa etdirdiyi bu qala Qarabağ xanlığının inzibati mərkəzi olub. Yığcam quruluşlu bu qala düzbucaqlı biçimdədir və onun bayır divarları dairəvi və yarımsilindrik bürclərlə möhkəmləndirilib. Qala divarları və qüllələr müdafiə tikililəri üçün səciyyəvi olan mazğal sırası və dişlərlə tamamlanıb.
Erməni işğalçılarının əsarəti illərində qalanın ətrafında müəyyən işlər görülüb. Məsələn, bir qədər aralıdakı dərədə, təbii su mənbəyinin yaxınlığında, vaxtilə Ağdam Atçılıq Turizmi Mərkəzinin qalanın memarlıq üslubuna uyğun tikilmiş yığcam binasının qarşısında rəqs meydançası düzəldiblər. Qalanın toxunulmaz qalması isə yəqin ki, onun ərazisinin buranı yeyib-içmək, kef məclislərinə çevirməsi ilə əlaqədar olub.
Ermənilərin xarabalığa çevirdiyi şəhərdə indi həyat izləri baş qaldırır. Şəhərin mərkəzində qaldırıcı kran işləyir, buldozerlər, ekskavatorlar, qreyderlər, torpaq, yük daşıyan maşınlar o tərəf-bu tərəfə şütüyür. Ağdamın dünyanın ən gözəl, abad və yaraşıqlı şəhərinə çevrilməsi üçün çox böyük miqyasda işlər başlanılıb...