Abşeron Milli Parkının yaradılmasının 19 illiyi münasibətilə parkda "Gələcəyimizin 5T gündəliyi" adlı maarifləndirici tədbir keçirilib.
×
Abşeron Milli Parkının yaradılmasının 19 illiyi münasibətilə parkda "Gələcəyimizin 5T gündəliyi" adlı maarifləndirici tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, "Tullantını azalt", "Təkrar istifadə et", "Təkrar emal et", "Ting ək", "Təbiətə dost ol!" sloqanlarının birləşməsindən yaranan 5T gündəliyi ilə bağlı tədbirdə "Yaşıl dünya naminə həmrəylik ili"nə və iqlim dəyişikliyinə təsir göstərən antropogen amillərin azaldılmasına yönələn COP29 kimi vacib beynəlxalq tədbirin ölkəmizdə keçirilməsinə diqqət cəlb edilib.
Məktəblilərin iştirakı ilə keçirilən tədbirdə "Təbiətə dost ol!" sloqanının ifadəsi Azərbaycan təbiət guşələrini tərənnüm edən Azərbaycan Fotoqraflar Birliyinin təmsilçisi, tanınmış fotoqraf Aydın Mehdiyevin fərdi fotosərgisinin açılışı olub. Sərgi fevralın 18-dək davam edəcək.
"Tullantını azalt" və "Təkrar emal et" çağırışları isə Xəzər Universiteti Ətraf Mühit Mərkəzinin direktoru, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü Rövşən Abbasovun təqdimatında olub. R.Abbasov plastik tullantıların həyatımıza çox ciddi şəkildə daxil olduğunu diqqətə çatdırıb: "Tullantılar təmizlənsə, təbiət azad olacaq. Tullantılar təkcə plastik tullantılar deyil, çirkab suları, ətraf mühitə atılan karbon emissiyaları və digər təhlükəli çirkləndiricilər nəzərdə tutulur. Öncəliklə, bunun üçün tullantılardan azad olmalıyıq. Bunun üçün daha az qablaşdırılan əşyalardan istifadə edə bilərik. Əgər bu tullantılar azalmasa, gələcəyə çox ciddi ziyan dəyəcək. Hesablamalara görə, ən çox dəniz məməliləri, o cümlədən tısbağalar, balıqlar və digərləri dənizə düşən plastik tullantılara görə əziyyət çəkirlər".
"Forest School Azerbaijan"ın təqdimatında tullantıların təkrar istifadəsinin vacibliyini göstərən əyani fəaliyyətlər təbliğ edilib.
"Forest School Azerbaijan"ın lider pedaqoqu Günay Məmmədovanın rəhbərliyi ilə açıq havada təşkil edilən toplantıda təlimçilər təbiətə zərər verən amillərdən danışıb, təbiətlə inteqrasiya olunmuş fəaliyyətlərin gələcəyimiz üçün əhəmiyyətini vurğulayıblar.
"Gələcəyimizin 5T gündəliyi" çərçivəsində "Ting ək" sloqanının tətbiqi isə Abşeron Milli Parkı tərəfindən "yasilgelecek.az" platforması üzərindən 19 ədəd ting əkilməsi ilə qeyd olunub.