Sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar avqustun 12-də 35 saylı Xətai üçüncü seçki dairəsinin dairə seçki komissiyasında məntəqə seçki komissiyalarının sədr, katib və üzvləri üçün treninqlər keçirilir.
×

Bu dairə seçki komissiyasında avqustun 15-dək davam edəcək təlimlər seçki komissiyaları üzvlərinin məlumatlılığını, peşəkarlığını artırmaq məqsədi daşıyır.
AZƏRTAC xəbər verir ki, gündə iki sessiya olaraq keçirilən 4 günlük treninqlərdə 42 məntəqədən 210 nəfərin iştirakı nəzərdə tutulub.
Məşğələləri Mərkəzi Seçki Komissiyasının (MSK) təlim kursunda iştirak edən trenerlər Arif Əhmədov və Sevda Novruzova aparırlar.
MSK tərəfindən hazırlanmış slaydların və əyani vəsaitlərin köməyi ilə iştirakçılara səsvermə günü məntəqənin açılması, səsvermə ilə bağlı məlumatların verilməsi saatları, səsvermədə iştirak edən vətəndaşların barmağının mürəkkəblə işarələnməsi, səsvermə günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, səsvermə otağının təşkili qaydası, seçki günü müşahidəçilərin hüquqları, hansı halda seçicinin səsvermə hüququndan istifadə edə bilməyəcəyi, səslərin hesablanması və sair məlumatlar verilir.
Təlim iştirakçılarına bununla bağlı yaddaş kitabçası təqdim edilir.
Qeyd edək ki, treninqlər 33 saylı Xətai birinci, 34 saylı Xətai ikinci, 36 saylı Xətai – Suraxanı seçki dairələrinin dairə seçki komissiyalarında da təşkil olunub.