×
Fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar yanvarın 22-də 33 saylı Xətai birinci seçki dairəsinin dairə seçki komissiyasında məntəqə seçki komissiyalarının sədr, katib və üzvləri üçün treninqlər təşkil edilib.
AZƏRTAC xəbər verir ki, treninqdə çıxış edən dairə seçki komissiyasının üzvü Eldar Qənbərov prezident seçkilərində şəffaflığın və aşkarlığın təmin olunması üçün hər cür şəraitin yaradıldığını, məntəqələrdə hazırlıq işlərinin yekunlaşdığını deyib.
O qeyd edib ki, təlimlərin məqsədi seçki komissiyaları üzvlərinin məlumatlılığını və peşəkarlıq səviyyəsini artırmaqdır.
Treninqdə MSK tərəfindən hazırlanmış slaydların və əyani vəsaitlərin köməyi ilə iştirakçılara səsvermə günü məntəqə seçki komissiyaları üzvlərinin rolu və vəzifələri, səsvermə otağının təşkili qaydası, seçki günü müşahidəçilərin hüquqlarının qorunması, səsvermə ilə bağlı məlumatların verilməsi saatları, səsvermədə iştirak edən vətəndaşların barmağının mürəkkəblə işarələnməsi, hansı halda seçicinin səsvermə hüququndan istifadə edə bilməyəcəyi, səslərin hesablanması və digər aktual məsələlərlə bağlı geniş məlumatlar verilib.
Dairə seçki komissiyasının sədri Əlibaba Bayramov AZƏRTAC-a açıqlamasında məntəqələrdə seçkilərin demokratik keçirilməsi, komissiya üzvlərinin normal fəaliyyəti üçün lazımi şəraitin yaradıldığını bildirib. Vurğulayıb ki, məntəqələr, seçki kabinələri, təşviqat, məlumat, seçici siyahısı lövhələri, daşınmaz və daşınan seçki qutuları, qeydiyyat dəftərləri, Seçki Məcəlləsi və digər zəruri vəsaitlərlə təmin olunub.
DSK sədri, həmçinin əlavə edib ki, dairədəki seçki məntəqələrinin sayı 38, seçicilərin sayı isə 48 minə yaxındır.
Bundan başqa, dairə üzrə 10 veb-kamera quraşdırılıb.
Treninqdə seçki günü məntəqə seçki komissiyalarının sədrlərinin və üzvlərinin rolu, həmçinin vəzifələri ilə bağlı videoçarx nümayiş etdirilib.
Sonda treninq iştirakçılarının seçki prosesi ilə bağlı sualları cavablandırılıb.