×
1990-cı il yanvarın 20-si müasir tariximizin faciəli olmaqla bərabər, həm də qəhrəmanlıq səhifəsidir. Otuz iki il əvvəl yanvarın 19-dan 20-nə keçən gecə SSRİ Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərindən formalaşdırılan hərbi birləşmələr paytaxt Bakıya yeridildi. Azərbaycanın ərazi bütövlüyünü hədəf seçən erməni separatçılığına və onlara dəstək verən qüvvələrə dinc şəkildə etiraz edən insanlara divan tutan cəza maşını azərbaycanlıların qəlbindəki azadlıq duyğuları öldürə bilmədi.
AZƏRTAC xəbər verir ki, paytaxtın “20 Yanvar” dairəsində şəhidlərin xatirəsinə ucaldılan abidə kompleksini ziyarətə gələnlərin ardı-arası kəsilmir.
Yasamal rayon ictimaiyyəti adından rayon icra hakimiyyətinin başçısı Elşad Həsənov, idarə və müəssisə rəhbərləri, həmçinin qeyri-hökumət təşkilatlarının nümayəndələri abidə önünə əklillər və güllər qoyublar.
Saat 12-də 20 Yanvar şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla anılmasından sonra ölkəmizin müstəqilliyi və suverenliyi uğrunda canlarını qurban verən insanların ruhuna bir daha hörmət və ehtiram ifadə olunub.
Ziyarətə gələnlər arasında təqaüdçü Kamil Məşədiyev AZƏRTAC-a müsahibəsində o vaxt “20 Yanvar” dairəsində baş verənləri yaxşı xatırladığını deyib, şahidi olduğu o dəhşətli günlərin ağrısını bölüşüb. O, Respublika Xəstəxanasını göstərərək deyib: “Saat 7-8 olardı, o istiqamətdən sürəkli atəş səsləri eşitdim. Qoşunların şəhərə yeridiləcəyi ilə bağlı söz-söhbətləri hamı kimi, mən də eşitdiyim üçün nə baş verdiyini dərhal anladım. Özümü itirmədim və bir anlıq ağacların arxasında daldalandım. Təqribən 15-20 dəqiqədən sonra həmin istiqamətə yüyürdüm, gördüyüm mənzərə vahiməli idi. İndiki Respublika Klinik Xəstəxanasının yanından insanlara - uşaq, gənc, ahıl demədən, hamıya atəş açılırdı. Ölən və yaralananların sayı çox idi. Şəxsən mən 7 yaralıya kömək etdim”.
Müsahib deyib ki, həmin vaxt ümummilli lider Heydər Əliyevin real təhlükəyə baxmayaraq, yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək SSRİ rəhbərliyinin törətdiyi əməlin insanlığa qarşı cinayət olduğunu bəyan etməsi bütün azərbaycanlılar kimi, ona da güc verib.
Digər müsahibimiz, hadisələrin şahidi olmuş Şəhlar Bağırov bildirib: “2020-ci il Azərbaycan xalqı üçün qələbə ili oldu. Otuz ilə yaxın düşmən tapdağı altında qalan dədə-baba torpaqlarımız işğaldan azad olundu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi. Şəhidlərimizin qanı yerdə qalmadı, onların qisası alındı. Bu, xalqımıza qürur yaşatdı. Bu günləri bizə yaşatdığına görə Müzəffər Ali Baş Komandana, rəşadətli Ordumuza minnətdarıq”.
20 Yanvar şəhidi Aslan Ağaverdiyevin xanımı Zərifə Ağaverdiyeva müasir dövrdə şəhidlərimizin xatirəsinin uca tutulması istiqamətində dövlətimizin, xüsusilə bu siyasətin əsasını qoyan ümummilli lider Heydər Əliyevin və onu davam etdirən Prezident İlham Əliyevin xidmətlərini yüksək qiymətləndirərək deyib: “Bu münasibət gənclərimizin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır. 2020-ci ilin payızında Vətən müharibəsinin nəticələri bir daha göstərdi ki, Azərbaycan hərbçisini qələbələrə aparan gəncliyimizin bu duyğularıdır”.
Bu hadisələrin hər il xatırlanması tam qətiyyətlə deməyə əsas verir ki, Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.