×
Mayın 5-də Sosial Tədqiqatlar Mərkəzinin (STM) təşkilatçılığı ilə müəllifi Fərman Salmanlı olan "Yerli özünüidarəetmənin təməl prinsipləri və tarixi inkişaf mərhələləri" adlı kitabın təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, çıxış edən Milli Məclisin İnsan hüquqları komitəsinin və Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Orucun sözlərinə görə, Vətən müharibəsindəki Qələbə həm də 30 il bələdiyyə orqanlarını yarada bilməyən 700 mindən çox əhalinin, 400 minə yaxın seçicinin də hüquqlarının özlərinə qaytarılmasıdır.
Z.Oruc qeyd edib ki, son 30 ildə ilk dəfə Zəngilan, Laçın, o cümlədən inzibati coğrafiyası dəqiqləşdirilən Ağdərə və artıq bir qrup əhalisi qayıdan Füzuli, nəhayət, yaxın gələcəkdə Şuşa rayonu üzrə bələdiyyə orqanlarının yaradılması mümkün olacaq. Belə bir şəraitdə, yerli özünüidarə ilə bağlı islahatları da dərinləşdirməyə ehtiyac var.
Bələdiyyə məsələləri üzrə ekspert Vüqar Tofiqlinin sözlərinə görə, bələdiyyə sistemindəki ən böyük maneə işğaldan azad edilmiş ərazilərdə 30 il ərzində bələdiyyə məntəqələrinin olmaması idi. Ona görə də bu sistemin tanıdılması, genişləndirilməsi istiqamətində bir sıra ciddi addımlar atılır.
Kitabda bələdiyyə maliyyəsinin əsaslarından, idarəetməsinin üsul və formalarından bəhs olunduğunu deyən müəllif Fərman Salmanlı bildirib: "Kitabdakı mövzular Azərbaycanda bələdiyyələrin yaradılması tarixindən, yerli özünüidarəetmə orqanlarının inkişaf mərkəzlərindən, bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunlardan, beynəlxalq və milli normativ-hüquqi aktlardan ibarətdir”.
Fərman Salmanlı vurğulayıb ki, kitabda Azərbaycan bələdiyyələrinin tarixi inkişaf mərhələləri çar, cümhuriyyət və müstəqillik dövrləri olaraq araşdırılıb.
Digər çıxış edənlər - Milli Məclisin deputatları Azər Badamov və Kamran Bayramov, Xırdalan bələdiyyəsi sədrinin müavini Elməddin Behbud, Rəsulzadə Bələdiyyəsinin və Qəsəbə Bələdiyyələri Milli Assambleyasının sədri Hümbət Hüseynov yerli özünüidarəetmənin nəzəri-hüquqi cəhətləri, bələdiyyənin strukturu və idarəçilik forması, dövlət və bələdiyyə idarəçiliyinin oxşar və fərqli cəhətləri, bələdiyyə seçkilərinin keçirilməsi qaydaları, sosial bələdiyyəçilik, bələdiyyə üzvü və bələdiyyə qulluqçusu, bələdiyyə qərarlarının qəbul edilmə prinsipləri, xarici ölkələrin yerli özünüidarəetmə təcrübələri və bələdiyyə hüququ barədə fikirlər səsləndiriblər.
Tədbir bələdiyyə sistemi barədə aparılan müzakirələrlə yekunlaşıb.