×
Beş il əvvəl bu gün Azərbaycan xalqı səhəri Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun bütün cəbhəboyu əks-hücum, yəni “Dəmir yumruq” əməliyyatına başlaması xəbəri ilə açdı.
Dünya hərb elmində “XXI əsrin müharibəsi” adlandırılan Vətən müharibəsinin ilk günündən son gününə kimi cəbhədən yalnız xoş soraqlar duyuldu.
Çətin relyef şəraitinə, düşmənin onilliklərlə qurduğu mürəkkəb istehkamlara baxmayaraq, əsl peşəkarlıq, məharət, yenilməz əzm nümayiş etdirən Azərbaycan Ordusu 44 gün ərzində xalqımıza 30 ildir gözlənilən Zəfər sevincini yaşatdı.
Bu yolda canından, qanından keçən, ölümün gözünə dik baxan qəhrəmanlarımız Azərbaycan əsgərinin, zabitinin Vətən uğrunda hər cür fədakarlığa istənilən şəraitdə hazır olduğunu bütün dünyaya sübut etdilər.
Azərbaycan xalqı şanlı Vətən müharibəsində 2900-dan çox övladını qurban verdi. Müqəddəs amal uğrunda canından keçən şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir.
AZƏRTAC xəbər verir ki, sentyabrın 27-də – Anım Günündə minlərlə insanın şəhidlərin uyuduğu müqəddəs məkanlara axını müşahidə olunub. Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda döyüşlərdə canlarından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla anıblar.
Zəfərin baş qəhrəmanlarının ruhlarına dualar oxunub, onlara bir daha minnətdarlıq ifadə olunub.
AZƏRTAC-ın müxbirləri Hərbi Memorial Məzarlıqda şəhidlərimizin ailə üzvləri və qazilərimizlə həmsöhbət olublar.
Sənan Böyük Qələbəyə çox inanırdı...
Vətən müharibəsi şəhidi Sənan Abdullayevin atası Şahin Abdullayev 27 sentyabrın hər kəs üçün çox önəmli günlərdən, tariximizin şanlı səhifələrindən biri olduğunu söyləyib. O, şəhid övladının Vətən müharibəsində iştirakından da bəhs edib: “Sənan həqiqi hərbi xidmət keçib müəyyən bacarıqlara yiyələndikdən sonra ərazi bütövlüyümüz uğrunda döyüşəcəyi günü səbirsizliklə gözləyirdi. O, müharibə başlayandan sonra hər saat hərbi komissarlığa zəng vurur, nə zaman döyüşə aparılacağını soruşurdu. Hətta hərbi komissarlıqdan mənə zəng edib dedilər ki, “oğlun bizi bezdirib, tez-tez yığıb məni də aparın deyir, işləməyə qoymur”. O, arzusuna çatdı, 2020-ci il oktyabrın 1-dən Füzuli istiqamətindən döyüşlərə qoşuldu. Oktyabrın 5-də elə Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucaldı. Sonuncu dəfə oktyabrın 4-də mənimlə danışdı. Sanki halallaşırdı. Böyük Qələbəyə çox inanırdı. Təəssüf ki, özü görə bilməsə də, döyüş yoldaşları, ordumuzun əsgər və zabitləri onun bu arzusunu reallaşdırdılar...
Oktyabrın 5-də isə son döyüşünə girən vaxt qardaşı ilə danışaraq bizi ona tapşırıb. Hərbi komissar 6 aydan sonra bizə gəldi. Dedi ki, Sənan döyüşlərə aparılan gün onlara geri qaytarılma əmri gəlmişdi. Sənan çox məyus olmuşdu. Bir neçə dəqiqədən sonra cəbhə bölgəsinə yollanacağı barədə xəbər alanda elə sevindi ki, sanki qanad açıb uçacaqdı. Sənan çox imanlı övlad idi, güllə-boran arasında namazını da axsatmadı. Son döyüşdən əvvəl də namazını qılmaq nəsib oldu. Hazırda onun uyuduğu yer bizim üçün cənnətdir”.