Sentyabrın 28-də Abşeron Milli Parkında Ümumdünya Dəniz Günü ilə əlaqədar Xəzər həftəsi çərçivəsində "Xəzər festivalı" keçirilib.
×
Sentyabrın 28-də Abşeron Milli Parkında Ümumdünya Dəniz Günü ilə əlaqədar Xəzər həftəsi çərçivəsində "Xəzər festivalı" keçirilib.
AZƏRTAC xəbər verir ki, festivalda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri, beynəlxalq təşkilatların və səfirliklərin nümayəndələri, milli parkı ziyarət edən turistlər, məktəblilər iştirak ediblər.
Festivalın açılış mərasimində çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov son 20 ildə Xəzər dənizinin hər il öz səviyyəsini itirdiyini bildirib. Qeyd olunub ki, 1995-ci illə müqayisədə Xəzərin səviyyəsində 2,5 metrdən çox azalma müşahidə olunub. Hər il isə 7,5-8 santimetr azalma qeydə alınır. Bu özü ilə birlikdə bir sıra problemlər yaradır. Belə ki, həm su biomüxtəlifliyinin mühafizəsi baxımından, həm sahilboyu ərazilərdə problemlər müşahidə olunur. Azalmanın qarşısının alınması istiqamətində tədbirlərin görülməsi və azalma davamlı olarsa, buna uyğunlaşma tədbirlərinin həyata keçirilməsi ilə bağlı ən müxtəlif müstəvilərdə müzakirələr aparılır. Azərbaycan da həmin müzakirələrin ən aktiv iştirakçılarından biridir.
Xəzərin problemlərinə ictimaiyyətin diqqətinin çəkilməsi məqsədilə keçirilən tədbirlərdən bəhs edən Vüqar Kərimov deyib: "1978-ci ildən etibarən hər il dünyada Ümumdünya Dəniz Günü qeyd olunur. Azərbaycanda da son bir neçə ildir sentyabrın son həftəsi "Xəzər həftəsi" elan edilib. "Xəzər festivalı" da "Xəzər həftəsi" çərçivəsində təşkil olunan və maarifləndirmə xarakteri daşıyan tədbirlər sırasındadır. Məlum olduğu kimi, noyabrda Bakı iqlim dəyişmələrinin yaratdığı problemlərin və onun təsirinin aradan qaldırılması ilə bağlı müzakirələrin aparılacağı baş platforma olacaq. Xəzərin problemləri də COP29-un panellərində müzakirə olunacaq əsas məsələlərdən biridir".