×
İyunun 10-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində "Sevgi dolu bir ürəyəm" adlı inklüziv konsert təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət qurumlarının rəhbərləri, Milli Məclisin deputatları, Agentliyin sosial tərəfdaşları, ictimaiyyət nümayəndələri və başqaları iştirak ediblər.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev xüsusi qayğıya ehtiyacı olan şəxslərlə bağlı həyata keçirilən sosial müdafiə tədbirlərindən danışıb.
Qeyd edilib ki, Prezident İlham Əliyevin uğurlu sosial siyasəti həssas əhali qruplarından olan şəxslərə, o cümlədən uşaqlara dövlət qayğısının ildən-ilə artmasına, onların firavan yaşamasına, inkişafına, təhsil almasına və sağlam böyüməsinə zəmin yaradıb. Nazirliyin həyata keçirdiyi müxtəlif layihələr əsasında hər il minlərlə uşaq reabilitasiyayönümlü sosial xidmətlərlə əhatə olunur. Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası sahəsində davamlı işlər aparılır. Mütəmadi olaraq təşkil edilən inklüziv tədbirlər, festivallar, konsert və sərgilər vasitəsilə həssas kateqoriyadan olan şəxslər sosial reabilitasiya edilir. Bu ilin ötən dövründə Sosial Xidmətlər Agentliyi 6 mindən çox uşağa səyyar, stasionar və yarımstasionar xidmətlər göstərib. Sosial sifarişlər ilə icra olunan layihələr əsasında respublikanın 30 şəhər və rayonunda fəaliyyət göstərən günərzi qayğı mərkəzlərində ümumilikdə 900 uşaq hər cür qayğı ilə əhatə olunub.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova tədbirin əhəmiyyətinə diqqət yönəldərək bildirib ki, belə layihələr uşaqların reabilitasiyasında xüsusi rola malikdir: “Onların cəmiyyətə inteqrasiyası üçün göstərilən səylər təqdirəlayiqdir. Bu istiqamətdə böyük işlər görülüb və davamlı olaraq görülməkdədir. Əvvəllər bu sahədə fəaliyyət göstərmək çox çətin idi. Lakin bu gün, dövlət başçısının rəhbərliyi və ayrı-ayrı qurumlarının güclü dəstəyi ilə cəmiyyətdə böyük dəyişikliklər baş verir. Sağlamlıq problemləri olan gənc və yeniyetmələrin problemlərinin həlli sahəsində mühüm addımlar atılır və bunlar çox müsbət haldır. Qanunvericilik bazasının güclü olması hər hansı məsələyə cavab verməyə imkan verir. Lakin icra mexanizmi olmadan ən gözəl qanun da səmərə verə bilməz. Ona görə də aparılan fəaliyyətin, görülən işlərin davamlı olmasını arzu edirəm və əminəm ki, bu sahədə görülən işlər daha da böyük uğurlara imza atılmasına səbəb olacaq”.
Konsertdə Sosial Xidmətlər Agentliyinin 1 saylı 18 yaşınadək əlilliyi müəyyənləşdirilmiş şəxslər üçün sosial xidmət müəssisəsinin benefisiarları, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin və Xoreoqrafiya Akademiyasının tələbələri milli, müasir və klassik rəqslər, caz və estrada vokalı, instrumental kompozisiyalar ifa ediblər.
Onu da qeyd edək ki, tədbirin məqsədi həssas kateqoriyadan olan uşaqların cəmiyyətə inteqrasiyası və yaradıcı potensiallarının dəstəklənməsidir.