×
Oktyabrın 11-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılmış Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 11 oktyabr - Beynəlxalq Qızlar Gününə həsr edilmiş “Gənc Qızların Təhsilinə Dəstək-2022” kampaniyası ilə bağlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, kampaniyanın məqsədi Azərbaycanda tarixi xeyriyyəçilik ənənələrini davam etdirmək və dövlətimizin inkişafında gənclərin, xüsusilə qızların müasir təhsil imkanlarından faydalanmağına dəstək olmaqdır.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsi yad edilib.
Tədbiri giriş sözü ilə açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, bu gün Azərbaycanda “Qızların Təhsilinə Dəstək” layihəsinin ikinci tədbiri keçirilir. Deyib ki, ötən il ərzində bu layihə çərçivəsində tələbələrin təhsili, onların əldə etdiyi uğurlar, nailiyyətlər Komitə tərəfindən izlənilib, onların ehtiyacları ödənilib.
Komitə sədri diqqətə çatdırıb ki, ölkəmizdə təhsilin inkişafına, onun müasir tələblərə cavab verməsinə dövlətimiz tərəfindən xüsusi diqqət göstərilir, hər kəsin bundan bərabər şəkildə faydalanması və ölkəmizə layiqli bir vətəndaş kimi yetişməsi üçün imkanlar yaradılır. “Təhsilinə dəstək verdiyimiz qızların ictimai proseslərə qoşulmasına, liderlik keyfiyyətlərinin formalaşmasına, onların müxtəlif istiqamətlərdə maarifləndirilməsinə, bu proseslərə könüllü olaraq qatılmasına yönəlmiş tədbirlər həyata keçirəcəyik”, - deyə B.Muradova qeyd edib.
Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, qızların təhsili digər insanların həyatını xilas etməyə təsir göstərir. Nazir qeyd edib ki, qadınların təhsilli olması erkən yaşda nikahların, azyaşlı uşaqların ölümlərinin azalması deməkdir. Eyni zamanda, hazırda dünyada qızların ibtidai təhsilə cəlb edilməsi bir neçə yüz milyon qadının əmək bazarına daxil olmasına və ümumi daxili məhsulun daha da artmasına səbəb olur.
“Azərbaycanda demək olar bütün qızlar ibtidai təhsillə təmin olunub. Son dövrdə ali təhsilə müraciət edən qızların sayı oğlanların sayını üstələməyə başlayıb. Dünya Bankının hesabatlarına baxsaq, Azərbaycan iqtisadiyyatının inkişaf etməsi üçün ən qısa yollardan biri qadınların iqtisadiyyata cəlb olunmasıdır. Elm və Təhsil Nazirliyi üçün qızların təhsili əsas prioritetlərdən biridir”, - deyə nazir qeyd edib.
Digər çıxış edənlər bu cür tədbirlərin keçirilməsinin vacibliyini bildiriblər. Qeyd edilib ki, qızların təhsilinə, onların cəmiyyətdəki rolunun artırılmasına diqqət göstərilməlidir.
Sonra Elm və Təhsil Nazirliyi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında “Gənc Qızların Təhsilinə Dəstək” layihəsinin birgə icrası ilə bağlı niyyət protokolu imzalanıb.
Daha sonra regionlardan gələn, ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan, aztəminatlı ailələrdən, həmçinin həssas qruplardan olan 24 qıza sertifikatlar təqdim edilib.
Qeyd edək ki, 2021-ci ildə Dövlət Komitəsi Elm və Təhsil Nazirliyi ilə birgə Hacı Zeynalabdin Tağıyev tərəfindən yaradılan “Qızlar Məktəbi”nin 120 illik yubileyi və 11 oktyabr - Beynəlxalq Qızlar Günü həsr olunmuş “Gənc Qızların Təhsilinə Dəstək-2021” kampaniyasını həyata keçirib. Kampaniya çərçivəsində aztəminatlı ailələrdən olan, ali məktəblərə qəbul imtahanında yüksək bal toplamış 14 tələbə qıza dəstək göstərilib