Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Azərbaycan Milli Konservatoriyasının təşkilatçılığı ilə “Xocalıya Ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş “Qayıtmışıq, XOCALI!” adlı ədəbi-bədii tədbir keçirilib.
×

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Milli Konservatoriyasının tələbələrindən ibarət “Everlast” xor kollektivi tərəfindən Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sonra “Xocalı kompozisiyası” təşkil olunaraq tələbələrin ifası dinlənilib. Ardınca “Xudayar Təsnifi” muğam ifası səsləndirilib.
32 il bundan əvvəl törədilən Xocalı soyqırımını özündə əks etdirən videoçarxın təqdimatından sonra Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Siyavuş Kərimi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının baş katibi Rəşad Zeynalov çıxış edərək qan yaddaşımız olan Xocalı soyqırımını heç vaxt unutmamağı, Xocalı həqiqətlərini dünya ictimaiyyətinə çatdırmağın vacibliyini vurğulayıblar.
Tədbirin məqsədi Xocalı soyqırımı qurbanlarının xatirəsinin hər zaman qəlblərdə yaşadığı, bu soyqırımın heç vaxt unudulmadığını göstərməkdən ibarətdir.