Oktyabrın 30-da Bakıda “İraq türkmənləri və Türk dünyası: tarixi yaddaşın bərpası” mövzusunda beynəlxalq elmi-praktik konfransı keçirilir.
×
Oktyabrın 30-da Bakıda “İraq türkmənləri və Türk dünyası: tarixi yaddaşın bərpası” mövzusunda beynəlxalq elmi-praktik konfransı keçirilir.
AZƏRTAC xəbər verir ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) birgə təşkilatçılığı ilə keçirilən konfransda 6 bölmə üzrə azərbaycanlı və türkmən ekspertlərin 30-a yaxın məruzələri dinləniləcək.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, İraq parlamentinin deputatı Ərşad Saleh, Beynəlxalq Kərkük Türkmən Mədəniyyət Dərnəyinin rəhbəri Şəmsəddin Küzəçi və digərləri mövzu ətrafında fikirlərini bölüşəcəklər.
Tədbir çərçivəsində “İraq türkmənlərinin Türk dünyasında yeri: Azərbaycan və Türkiyənin nümunəsində”, “İraq türkmənləri bu gün”, “İraq türkmənlərinin milli-mədəni irsi və Azərbaycan”, “İraq türkmənlərinin ədəbiyyatı və Azərbaycan: Gələcəyə baxış” və digər mövzularda müzakirələr aparılacaq.
Qeyd edək ki, türkmənlər İraqın şimalında yaşayırlar. Azərbaycan və Anadolu türklərinə çox yaxın olan türkmənlər yaşadıqları ərazilərdə Səlcuqlardan əvvəl məskunlaşıblar. Türkmənlərin arasında İhsan Doğramacı, Manisa Tarzanı, Fətullah Altunsəs, Nurəddin İzzət, Ərşad Saleh kimi tanınmış şəxsiyyətlər yetişib.