×
Yanvarın 15-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) “Heydər Əliyev İli” çərçivəsində təşkil edilən spartakiadanın qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) təşkil etdiyi idman yarışlarının qaliblərinə kubok, diplom, idman geyimi və hədiyyə kuponları təqdim olunub.
Mərasimdə ali təhsil müəssisələri arasında 6 idman növü üzrə spartakiadanın, Bakı şəhərinin ümumtəhsil müəssisələrinin işçiləri arasında 5 idman növü üzrə yarışların, ali məktəb tələbələri arasında 8 idman növü üzrə XV Respublika Universiadasının və orta ixtisas təhsili müəssisələrinin 3 idman növü üzrə yarışların qalibləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Möhbalıyev bildirib ki, idman yarışlarının təşkilində məqsəd Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə hörmət və ehtiram göstərmək, Ulu Öndərin zəngin və çoxşaxəli irsini öyrənmək və təbliğ etməkdir. Bu tədbirlərin həm ümumtəhsil məktəblərinin müəllimləri, həm də ali məktəblərin işçiləri və tələbələri tərəfindən həvəslə qarşılandığını diqqətə çatdıran AHİK sədri tədbirlərdə mindən çox insanın iştirak etdiyini bildirib.
Ulu Öndərin idmanın inkişafı ilə bağlı əsasını qoyduğu strategiyanın bu gün uğurla davam etdirildiyini diqqətə çatdıran S.Möhbalıyev ölkəmizdə bədən tərbiyəsinin kütləvi inkişafı, gənc nəslin sağlam böyüməsinin təmin edilməsi, Olimpiya hərəkatının genişləndirilməsi istiqamətində görülən işlərdən danışıb.
O, idmanda əldə olunan uğurlarda bədən tərbiyəsinin kütləvi inkişafının da öz rolunun olduğunu vurğulayıb.
Sonra qaliblər mükafatlandırılıb.
Ali məktəb işçiləri arasında keçirilən spartakiadanın 118, Bakı şəhərinin ümumtəhsil məktəblərinin işçiləri arasında keçirilən yarışların 130 qalibinə hədiyyə kuponu və diplomlar verilib.
Eyni zamanda, ali məktəb tələbələrinin XV Universiadasının və orta ixtisas təhsili müəssisələrinin yarışlarının ümumilikdə 300-ə yaxın qalibinə kubok, diplom və idman forması təqdim olunub.