Bakının Suraxanı rayonunda yerləşən 279 nömrəli tam orta məktəb paytaxtın “yaşıl məktəb”i kimi tanınır. Məktəbin dəhlizləri və sinif otaqları müxtəlif dibçək gülləri ilə zəngindir.
×
Bakının Suraxanı rayonunda yerləşən 279 nömrəli tam orta məktəb paytaxtın “yaşıl məktəb”i kimi tanınır. Məktəbin dəhlizləri və sinif otaqları müxtəlif dibçək gülləri ilə zəngindir. Bu güllər təkcə dekorasiya üçün deyil, həm də şagirdlərə təbiəti, bitkiləri və əməyi sevdirməkdən ötrüdür. Məktəblilər gülləri əkir, becərir və onlara qulluq edirlər. Həmçinin şagirdlər biologiya dərslərində həmin bitkilərin quruluşunu və xüsusiyyətlərini öyrənir, bununla da biliklərini möhkəmləndirirlər.
AZƏRTAC-ın əməkdaşları 279 nömrəli tam orta məktəbə gedib, “yaşıl məktəb”də görülən işlərlə daha yaxından tanış olublar.
Məktəbdə ekoloji tərbiyə
Əvvəlcə məktəbin direktoru Südabə Abdullayeva ilə söhbət etdik. O, ekoloji tərbiyənin məktəbdə xüsusi önəm verilən istiqamətlərdən biri olduğunu bildirdi və qeyd etdi ki, məktəbdə güllər əsasən şagirdlərin təşəbbüsü ilə artırılır: “Biz gülləri hazır şəkildə alıb gətirmirik. Əgər bir bitkidən biri varsa, məktəblilər biologiya müəllimi ilə birlikdə onun artırılma yollarını araşdırır və çoxaldırlar. Bitkilərə qulluq şagirdlərdə qayğıkeşlik, məsuliyyət və humanistlik kimi keyfiyyətlərin formalaşmasına kömək edir. Məktəbdə hazırda təxminən 50 növ dibçək bitkisi var. Bundan əlavə, məktəbin təxminən 100 kvadratmetr sahəsi olan həyət bağçası da mövcuddur. Yaz aylarında burada müxtəlif güllər əkilir, maydan etibarən isə açıq havada güllər haqqında dərslər keçirilir”.
Direktor dedi ki, bitkilər şagirdlərin sağlamlığına və psixoloji vəziyyətinə də müsbət təsir göstərir: “Siniflərdə əsasən tənəffüs yollarına və beynin fəaliyyətinə müsbət təsir edən güllər yerləşdiririk. Şagirdlər daim yaşıllıq içində olduqları üçün daha rahat və sağlam mühitdə təhsil alırlar. Qeyd etməliyəm ki, bu təşəbbüs məktəbdə artıq 10 ilə yaxındır ki, davam edir. Layihənin əsası əvvəlki direktor tərəfindən qoyulub, mən isə bu təşəbbüsü davam etdirirəm. Bu təhsil ocağına paytaxtın “yaşıl məktəb”i statusu verilib”