Mayın 8-də ADA Universitetində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Bu günün hüququ, sabahın hüquqşünası” adlı konfrans keçirilib.
×
Mayın 8-də ADA Universitetində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Bu günün hüququ, sabahın hüquqşünası” adlı konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbirin moderatoru Fariz İsmayılzadə konfransda açılış nitqi ilə çıxış edib.
Ali Məhkəmənin sədri İnam Kərimov “Azərbaycanın məhkəmə sistemi: müasir çağırışlar” mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, tədbirdə ölkəmizdə hüquq təhsili verən, eləcə də bilikli kadrların hazırlanmasında önəmli rol oynayan universitet və akademiyaların tələbələri iştirak edirlər. Gələcəkdə bu tələbələr ölkəmizin hüquq cəmiyyətində önəmli yerlər tutacaqlar. Hüquq tələbəsi olmaq həm qürürvericidir, həm də məsuliyyətdir. Uğurlu hüquqşünas karyerası məhz universitet auditoriyalardan başlayır. Bugünkü görüş Azərbaycan xalqının tarixində əvəzsiz xidmətlər göstərmiş Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilib. Ölkəmizdə bütün sahələrin, o cümlədən məhkəmə hakimiyyətinin inkişafı müasir Azərbaycanın memarı Ulu Öndərin adı ilə bağlıdır.
Ümummilli Liderin fəaliyyəti nəticəsində qısa zamanda yeni dövlət idarəetmə sistemi formalaşdı, yuxarı pilləsində Ali Məhkəmənin olduğu üçpilləli yeni məhkəmə sistemi yaradıldı. Ali konstitusiya ədalət mühakiməsi orqanı olan Konstitusiya Məhkəməsi təsis olundu. Azərbaycanda dövlət institutların müasirləşdirilməsi və gücləndirilməsi istiqamətində uğurlu tədbirlər həyata keçirildi. Avropa Şurasına üzv olmaq istiqamətində də mühüm hazırlıq işləri görüldü. Yeni yaradılan məhkəmə sistemində mütərəqqi islahatların həyata keçirilməsinə başlanıldı. Qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirildi. Həmin dövrdə ölkəmizdə əfvetmə institutu bərpa edildi, ölüm cəzası birdəfəlik ləğv olundu. Məhkəmələrə insan hüquqlarının qorunması ilə bağlı müstəsna səlahiyyətlər verildi. Qətimkan tədbiri kimi həbsin seçilməsi səlahiyyəti məhkəmələrə həvalə olundu.
Məhkəmə hakimiyyətində islahatlar dövlət başçısı İlham Əliyev tərəfindən də uğurla davam etdirildi. Bu uğurlu islahat siyasəti hazırda məhkəmə hakimiyyətinə töhfəsini verir. Azərbaycan Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı ölkəmizin məhkəmə sistemində yeni mərhələnin başlanması kimi qəbul edilən ciddi islahatların əsasını qoydu. Həmin Fərmanın icrası istiqamətində görülən işlər nəticəsində qanunvericiliyə çoxsaylı dəyişikliklər edildi. Bu dəyişikliklərlə Ali Məhkəmənin praktikasında olmuş boşluqlar aradan qaldırıldı. Ali Məhkəmənin qərarları ilə hüquqi müəyyənliyə mane olan məhkəmə praktikası dəyişdirildi. Ali Məhkəmənin vahid məhkəmə təcrübəsinin formalaşdırılması mexanizmləri təsbit edildi. Məhkəmələrdə süründürməçiliyə səbəb ola biləcək halların qarşısının alınması üçün yeni metodlar tətbiq olundu, məhkəmə icraatı təkmilləşdirildi. Məhkəmə sistemində yüksək peşə bacarıqlarına malik insan kapitalı formalaşdırmaq, hakimlərin və məhkəmə işçilərinin sosial təminatını gücləndirmək istiqamətində bu gün də mühüm işlər həyata keçirilməkdədir.
Sonra ADA Universitetinin tələbəsi Zeynəb Quluzadənin “Mən nə üçün hüquqşünas olmaq istəyirəm”, Milli Məclis sədrinin birinci müavini Əli Hüseynlinin “Qanunun aliliyi Heydər Əliyev dövlətçiliyinin əsas qayəsidir”, Bakı Dövlət Universitetinin tələbəsi Səyad Ələkbərovun “Mən hüququ necə görürəm”, Avropa Şurası Parlament Assambleyası İnsan Hüquqları üzrə Alt-Komitəsinin sədri Kamal Cəfərovun “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası və milli konstitusiyalar”, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Nərmin Əhmədovanın “Hüquqşünaslıq barədə düşüncələrim: tələbə olmamışdan əvvəl və indi”, ADA Universiteti Hüquq fakültəsinin dekanı Rəşad İbadovun “Hüquq təhsilinin müasir hüquqi dövlətdə rolu”, Milli Aviasiya Akademiyasının tələbəsi İsmayıl Qəmbərlinin “Hüquq təhsilinin mənə yaratdığı imkanlar", Daxili İşlər Nazirliyi Polis Akademiyasının kursantı Turqut Süleymanovun “Təhlükəsiz cəmiyyəti necə görürəm” və Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbəsi Fizzə İsmayılovanın “Qanunlara nə üçün riayət edirəm” mövzularında məruzələri dinlənilib.