×
Mayın 17-də Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) tərəfindən təşkil edilən “Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresinin rəsmi açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Konqresdə Dövlət Himni səsləndirilib, “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” mövzusunda videoçarx nümayiş etdirilib.
Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva tərəfindən Prezident İlham Əliyevin 9-cu Beynəlxalq Konqresin iştirakçılarına ünvanladığı müraciət oxunub.
Səhiyyə nazirinin müavini Nadir Zeynalov çıxış edərək bildirib ki, Azərbaycan səhiyyəsinin inkişafı Ulu Öndərin adı ilə bağlıdır. Heydər Əliyev hələ sovet dövründə Azərbaycanda səhiyyənin və tibb elminin inkişafına böyük töhfə verib. Səhiyyə, elm, təhsil daim Ulu Öndərin diqqət mərkəzində olub. O vaxtlar bir çox xəstəxanalar, poliklinikalar açılıb, yüzlərlə gənc Sovet İttifaqının aparıcı mərkəzlərinə təhsil almağa göndərilib, ölkəmizdə elm və təhsil ocaqları yaradılıb: “Elmi-Tədqiqat və Kardiologiya İnstitutunun yaradılması birbaşa Heydər Əliyevin təşəbbüsü ilə reallaşıb və onun iştirakı ilə açılışı keçirilib: “Azərbaycanın mürəkkəb dövründə - 1993-cü ildə Ulu Öndər hakimiyyətə qayıdanda yenə də həmin vaxtın bir çox problemləri arasında səhiyyə və tiblə bağlı məsələlərə böyük diqqət yetirildi. Ölkəmizdən qardaş Türkiyəyə təhsil almağa yüzlərlə gənc, tələbə göndərildi. Onların bir qismi tibb sahəsi üzrə idi və bəziləri sonradan cərrahiyyə ixtisası üzrə inkişaf edib ölkəyə qayıdıblar. Həmin o tələbələrdir ki, sonradan müstəqil Azərbaycanda milli kardiocərrahiyyənin əsasını qoydular, onu inkişaf etdirdilər. İndi həmin şəxslər bizim hörmətli professorlarımızdır və onların tələbələri var. Bunlar hamısı ölkəmizdə kardiocərrahiyyəni irəli aparan qüvvədir”.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da səhiyyə, tibb elmi və tibb təhsilini diqqət mərkəzində saxlayırlar: “Müstəqil Azərbaycanda tibb və səhiyyə sahəsində bilavasitə ölkə rəhbərliyinin nəzarəti ilə çox vacib islahatlar aparılır. Bunların arasında ən vacibi səhiyyənin yeni maliyyələşmə sisteminə keçməsidir. Bu da icbari tibbi sığorta sisteminin tətbiqidir. Bir çox yüksək texnologiya tələb edən və bahalı əməliyyatlar, müalicə üsulları əvvəllər əhalinin müəyyən təbəqəsinə əlçatan deyildi. Bu sistemin tətbiqi hesabına indi onlar əlçatandır”.
Milli Məclisin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov deyib: “Vaxtilə SSRİ-nin 15 respublikasının heç də hamısında Elmi-Tədqiqat Kardiologiya İnstitutu yox idi. O zaman Azərbaycanda bu institutu yaratmaq o qədər də asan deyildi. Bu, məhz Ulu Öndərin təşəbbüsü və təkidli tələbi ilə yarandı. O dövrdə belə institutların yaranması respublika səviyyəsində deyil, SSRİ rəhbərliyi səviyyəsində həll olunan məsələlər idi. Yəni, Ulu Öndər o dövrdə bu sahənin inkişafına xüsusi diqqət yetirirdi. Ulu Öndərin qarşıya qoyduğu birinci məsələ kardiologiya sahəsində kadrların yetişdirilməsi və belə bir mərkəzin yaradılması idi. Belə bir qərar verildi ki, Mərkəzi Klinik Xəstəxanada yenidənqurma işləri aparılsın, yeni avadanlıqlar gətirilsin və bu sahədə mütəxəssislərin hazırlanmasına başlanılsın. O dövrdə belə bir mərkəzin yaradılmasında və bu sahədə yüksəkixtisaslı kadrların yetişdirilməsində qardaş Türkiyədən olan kardioloqların rolunu xüsusilə qeyd etmək istəyirəm. İlk açıq ürək əməliyyatları da Türkiyədən gəlmiş mütəxəssislərin rəhbərliyi ilə aparıldı. Sonradan bu sahədə mütəxəssislər hazırlanmağa başlanıldı. Yaxşı xatırlayıram, hələ 1992-ci ildə Tibb Universitetindən Türkiyəyə cəmi 10 nəfər göndərə bildik. Onlardan biri də professor Kamran Musayevdir. O zaman biz türk qardaşlarımız qarşısında məsələ qoyduq ki, hansı sahələr üzrə mütəxəssislər hazırlansın. Birinci yerdə ürək-damar cərrahiyyəsi sahəsində olan mütəxəssislərin hazırlanması məsələsi dururdu. Sonradan bu istiqamətdə göndərilən tələbələrin və mütəxəssislərin də sayı artmağa başladı”.
Komitə sədri qeyd edib ki, bu konqres Ulu Öndərin xatirəsinə həsr edilib. Çünki bu sahənin inkişafı Ulu Öndər tərəfindən qoyulub. Bütün sahələrdə olduğu kimi, səhiyyə, elm və təhsil sahəsində Ulu Öndərin siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün ölkəmizdə ürək-damar cərrahiyyəsi sahəsində böyük uğurlar qazanılır. Dünyada tanınmış mütəxəssislərin konqresdə iştirakı Azərbaycanda bu sahənin inkişaf etməsini və ön planda olmasını bir daha təsdiq edir. Bu gün açıq-ürək əməliyyatları nəinki paytaxtda, bölgələrdə də keçirilir. Geniş imkanlara malik xəstəxanalarımız, mütəxəssislərimiz mövcuddur. Bu, bizi çox sevindirir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova bildirib ki, ötən il tibb müəssisələrimizdə 36 mindən çox ürək-damar əməliyyatı icra olunub. Bu rəqəm, sözün əsl mənasında, həyatların xilas edilməsi deməkdir. Bu gün ölkəmizdə 400-ə yaxın kardioloji xidmət icbari tibbi sığortanın təminatına daxildir. On minlərlə vətəndaş bu xidmətdən istifadə edir. Ölkəmizdə icbari tibbi sığortanın tətbiqi nəticəsində aorto-koronar şuntlama, ürək qapaqlarının dəyişdirilməsi və müalicəsi, anadangəlmə ürək-damar qüsurlarının müalicəsi kimi yüksək dəyərə malik cərrahi tibbi xidmətlər vətəndaşlar üçün əhəmiyyətli dərəcədə əlçatan olub. Vətəndaşlarımız maliyyə çətinliyi yaşamadan müayinə və müalicə olunaraq sağlamlıqlarına qovuşurlar. Bu, təkcə sistemin uğuru deyil, həm də insan həyatına verilən dəyərin göstəricisidir. Bu nailiyyətlərin arxasında ölkəmizdə tibb müəssisələrinin maddi-texniki bazasının müasirləşdirilməsi, infrastrukturun təkmilləşdirilməsi və kadr potensialının gücləndirilməsi üzrə görülən işlər dayanır. Bütün bu nailiyyətlər ölkə rəhbərliyinin səhiyyə sisteminə göstərdiyi xüsusi diqqət və qayğının nəticəsidir. Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində səhiyyə sahəsində genişmiqyaslı islahatlar aparılır. Dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitlərin artırılması, qəbul edilmiş dövlət proqramlarının icrası, icbari tibbi sığortanın bütün ölkədə tətbiqi bu siyasətin real nəticəsidir. Tibb sahəsində sürətli texnoloji yeniliklər və tibbi biliklərin artımı qarşısında dayanmaq mümkün deyil. Bu səbəbdən belə konqreslər təkcə elmi platforma deyil, həm də həmrəyliyin, birlikdə öyrənməyin, təcrübə paylaşmanın simvoludur. Çünki bir insanın həyatını xilas etmək – təkcə həkimin deyil, sistemin, siyasətin, bütöv bir yanaşmanın kompleks işidir.
TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilov deyib ki, ölkə səhiyyəsində son illərin ən əhəmiyyətli və təsiredici addımlarından biri icbari tibbi sığortanın tətbiqidir. Nəticədə kardioloji xidmətlərin əlçatanlığı 3 dəfə artıb, regionlarda belə invaziv kardiologiya xidmətləri göstərilməkdədir.
O bildirib ki, nəticə olaraq ölkəmizdə ürək-damar xəstəliklərindən ölüm 100 min nəfərə görə 12 faiz azalıb (2019-cu illə müqayisədə). Yeddi regionda açıq ürək əməliyyatları həyata keçirilib və bu əməliyyatların müvəffəqiyyət göstəricisi 90 faizi ötüb. Eyni zamanda, son illərdə bu sahədə mindən çox həkim və orta tibb işçisi ixtisasartırma və təkmilləşdirmə təlimlərinə cəlb olunub. Bununla bərabər, Azərbaycanda dünyada gedən tendensiyaya uyğun olaraq, ürək-damar xəstəlikləri ilə xəstələnmə hallarının sayı artmaqdadır və bu, ilkin səhiyyə xidmətlərinin gücləndirilməsinin strateji əhəmiyyət kəsb etdiyini göstərir. İlkin səhiyyə, həmçinin sağlam həyat tərzinin təşviqi, maarifləndirmə və vaxtında ixtisaslı yardıma yönləndirmə baxımından vacib rol oynayır. Bu yanaşma həm xəstəliklərin qarşısının alınmasına, həm də səhiyyə sistemində resursların səmərəli istifadəsinə xidmət edir.
Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təsisçisi və fəxri sədri Kamran Musayev vurğulayıb ki, “Bakı Ürək Günləri” Beynəlxalq Konqresinin ənənəyə çevrilməsi sevindirici haldır. Hər iki ildən bir keçirilən bu Konqres Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunur. Ulu Öndərin Azərbaycanın dövlət kimi qurulmasında və ölkənin səhiyyə sisteminin inkişaf etdirilməsindəki rolu bu konqresdə xüsusilə qeyd edilib.