×
Aprelin 1-də Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkili (Ombudsman) Aparatının təşkilatçılığı ilə “Azərbaycanda psixi sağlamlıq və psixi xəstəliklərdən əziyyət çəkən şəxslərin hüquqları” mövzusuna həsr edilmiş dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən ombudsman Səbinə Əliyeva əhalinin sağlamlığının qorunması hüququnun müdafiəsi sahəsində fəaliyyət barədə ətraflı məlumat verib, bu istiqamətdə problemlərin araşdırılması və həlli üçün müvafiq tədbirlərin görüldüyünü bildirib.
Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində psixiatriya müəssisələrinə həyata keçirilən monitorinqlərdən danışan müvəkkil bu cür monitorinqlərin mövcud problemlərlə əyani şəkildə tanış olmaq və preventiv tədbirlər görmək baxımından mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb. S.Əliyeva bəzi psixiatriya xəstəxanalarında, xüsusilə regionlardakı müəssisələrdə olan bir sıra nöqsanların aradan qaldırılması ilə bağlı müvafiq təklif və tövsiyələrlə aidiyyəti qurumlara müraciət edildiyini deyib.
İkinci Qarabağ müharibəsinin iştirakçılarının postmüharibə dövründə psixiatrik yardımla təminatının önəmindən danışan ombudsman bu məsələnin diqqət mərkəzində olduğunu, təsisatın təşəbbüsü ilə bir qrup müharibə iştirakçısına müvafiq yardımın göstərildiyini vurğulayıb.
Psixi sağlamlığın qorunması istiqamətində ölkəmizdə davamlı tədbirlərin həyata keçirildiyini bildirən S.Əliyeva vətəndaşların hüquqlarının qorunması baxımından müvafiq dövlət orqanlarının həyata keçirdiyi tədbirlərin, proqram və layihələrin ombudsman təsisatı tərəfindən izlənildiyini və təhlil olunduğunu qeyd edib. Müvəkkil psixi sağlamlıq məsələlərinə cavabdeh qurumlar arasında bu sahədə koordinasiyalı əməkdaşlığın daha da gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Tədbirdə çıxış edən səhiyyə naziri Teymur Musayev respublikada psixiatrik xidmətin yaxşılaşdırılması məqsədilə görülən tədbirlərdən danışıb. T.Musayev tibbi xidmətin əlçatanlığının və keyfiyyətinin artırılması istiqamətində məqsədyönlü addımların atıldığını, Psixi sağlamlıq üzrə Milli Strategiyanın hazırlanmasının gələcəyə yönəlik planlardan biri olduğunu söyləyib.
Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov son vaxtlarda psixoloji yardım həyata keçirilən özəl müəssisələrdə çalışan şəxslərin əksəriyyətinin bu sahə üzrə təhsilinin olmadığını bildirib, bu sahəyə ciddi nəzarətin artırılmasının əhəmiyyətini vurğulayıb. Ə.Əmiraslanov, həmçinin ölkəmizdə həkimlərin və pasiyentlərin hüquqlarını qoruyacaq yeni qanun layihəsinin hazırlandığını da diqqətə çatdırıb.
Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Hicran Hüseynova çıxışında müasir dövrdə uşaqların virtual məkanda daha çox vaxt keçirmələrinin onların psixologiyasına ciddi təsir göstərdiyini qeyd edib. Komitə sədri əhali arasında sağlam həyat tərzinin təbliğinin, eyni zamanda, valideyn məsuliyyətinin artırılması ilə bağlı işin aparılmasının vacibliyini diqqətə çatdırıb.
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı psixi xidmətlərə əlçatanlığın təmininin ölkəmiz üçün ən əhəmiyyətli məsələlərdən biri olduğunu, psixi sağlamlıq mövzusunda maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin zəruriliyini vurğulayıb.
Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli dövlət tibb müəssisələrində çalışan psixiatrların sayı ilə bağlı mövcud problemlərdən, kadr çatışmazlığından danışıb. O, həmçinin son dövrlər gənclər arasında aqressiya, depressiya hallarının artdığını və bu halların aradan qaldırılması istiqamətində zəruri addımların atılmasının vacibliyini vurğulayıb.
Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi vəzifəsini icra edən Rafael Mehtiyev isə çıxışında hazırda ümumilikdə cəzaçəkmə müəssisələrində işləyən 30 həkim psixoloq-narkoloqun olduğunu diqqətə çatdırıb. O, bu rəqəmin kifayət qədər az olduğunu, eyni zamanda, cəzaçəkmə müəssisələrindən mövcud kadrların işdən getdiyini qeyd edib. O, son illərdə 88 tibb işçisinin işdən çıxdığını vurğulayaraq, bunların gələcəkdə penitensiar müəssisələrdə işləmək üçün xüsusi hazırlanan şəxslər olduğunu nəzərə çatdırıb.
Digər çıxış edənlər tibbi xidmətə əlçatanlığın yüksəldilməsi üzrə işlərin görülməsi, həmçinin ölkədə psixi sağlamlığın təmini sahəsindəki mövcud problemlərin həlli istiqamətində təklif və tövsiyələrini veriblər.
Dəyirmi masa mövzu üzrə müzakirələrlə davam edib, iştirakçıların sualları cavablandırılıb.