Müasir dövrdə oxucuların mediaya xərclədiyi zaman çox azdır və bu vaxtı onlar üçün faydalı etmək önəmlidir.
×
Müasir dövrdə oxucuların mediaya xərclədiyi zaman çox azdır və bu vaxtı onlar üçün faydalı etmək önəmlidir. Gənc nəsil üçün qəzetçilik anlayışından danışarkən gənclərin düşüncələrinə də diqqət yetirməliyik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Şuşada keçirilən Beynəlxalq Media Forumu çərçivəsində təşkil olunan Anadolu agentliyinin baş direktorunun müavini Yusuf Özhan “Media etikası: Rəqəmsal mühitdə jurnalistlərin peşə davranışı” mövzusunda panel iclasında deyib.
O bildirib ki, feyk xəbərlər cəmiyyətin psixoloji fenomenidir. Oxucuların düşüncəsinin feyk xəbərlərə necə reaksiya verdiyini öyrənərək iş görmək KİV üçün önəmli amillərdən biridir.
“Biz Azərbaycanda bu Foruma qatılarkən 44 günlük Vətən müharibəsini, ovaxtkı fəaliyyətimizi xatırladıq. Biz 44 gün ərzində Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün davamlı olaraq işlədik. Bu zaman biz feyk xəbərin nə dərəcə böyük təsirə malik olduğuna şahidlik etdik. Feyk xəbərlərlə böyük kütləni ələ almaq mümkündür. Lakin onu da bilmək lazımdır ki, həqiqət hər zaman ortaya çıxır və feyk xəbər verən media orqanlarına qarşı ciddi inamsızlıq yaranır”, - deyə baş direktorun müavini əlavə edib.