×
Paytaxtın məşhur “QGallery” qalereyasında rəssam Yelena Haqverdiyevanın fərdi sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgidə 60-a yaxın əsər, o cümlədən çiçək natürmortları, dəniz mənzərələri, ornamentlər və qeyri-adi xalça rəsmləri nümayiş olunur. Tədbir şəhər ziyalılarını, paytaxtın qonaqlarını, mədəniyyət xadimlərini və sənətsevərləri bir araya gətirib.
Yelena Haqverdiyeva, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycanın Əməkdar rəssamıdır, o, respublikada və xaricdə bir çox sərgilərdə, bədii layihələrdə və simpoziumlarda iştirak edib. Onun əsərləri Azərbaycan Dövlət İncəsənət Qalereyasında, Mədəniyyət Nazirliyində və Azərbaycan Rəssamlar İttifaqında, eləcə də ölkədəki və xaricdəki bir çox şəxsi kolleksiyalarda saxlanılır.
AZƏRTAC-ın müxbiri Yelena Haqverdiyeva ilə sərginin ideyasının necə yarandığı və ona hazırlıq işlərinin necə aparıldığı barədə söhbət edib.
“Bu sərginin baş tutması üçün məhz isti havada Siam körfəzinin sahilində bitən xurma ağacının altındakı tor yelləncəkdə oyanmaq, qızmar günəş altında yanmaq, yuxuda gəmiləri görmək və gözlərini açanda üfüqdə yarışan kiçik gəmiləri seyr etmək lazım idi”, - deyə rəssam xatırlayır. Sonra bu sərginin ideyası yarandı. Əvvəlcə hər əsər üçün onu müşayiət edəcək kiçik esse yazmağı düşündüm. Ancaq nəticə etibarilə, burada yalnız işlərim sərgilənir, müşayiət edən yazılar isə gələn dəfəyə qalsın.
Yelena Haqverdiyevanın sözlərinə görə, sərgidə təqdim olunan hər bir əl işi - toplanmış biliklərin təcrübəsi, görüşlərin, itkilərin nəticəsi və ən yaxşı rəsmi çəkmək istəyinin təcəssümüdür.
“Əvvəlcə quşlar, çiçəklər, dəniz, gəmilərlə dolu yüngül, günəşli bir hekayəni təsvir etmək barədə düşünürdüm... həm də həyatın dolu olduğu mürəkkəbliklərə zidd olacaq qədər yüngül bir hekayəni...", - deyə həmsöhbətimiz davam edir. - Əsasən sərgi üçün hazırladığım işlər başa çatanda, birdən mənə elə gəldi ki, bu, sadə bir yüngüllük deyil. Halbuki, rəsm çəkməyin özü “yüngül” iş sayılmır, hətta deyərdim ki, bir qədər sadəlövhlük hesab olunur. Beləliklə, sərginin ümumi çəkisinə ağırlıq qatmaq qərarına gəldim. Bu “ağırlığı” isə mənim sevimli əl işlərim – xalça-rəsmlərim bəxş etmiş oldu".
Elena Haqverdiyevanın etiraf etdiyi kimi, xalça mövzusu onu uşaqlıqdan valeh edir. Xüsusilə xalçanın bəzək və dəyər kimi xidmət etməklə yanaşı evdə rahatlıq yaratdığını başa düşdükdən sonra.
“Xalçanın evin qoruyucusu və nəsildən-nəslə ötürülən talisman olması amili mənim üçün çox vacibdir. Beləliklə, ailə mirası olaraq nəsildən-nəsilə ötürüləcək belə xalça-rəsmləri çəkməyin xəyalı ilə yaşayıram. Hələlik isə işləyirəm və bu fəaliyyətimdə ən vacib amil də məhz sevgidir”, - deyə Yelena Haqverdiyeva vurğulayıb.
Sərgi iyunun 5-dək davam edəcək.