Poeziya, ümumən yaradıcılıq özü ayrıca bir dünyadır və şair öz dünyasını yaradıb, oxucunu bu dünyanın sakini olmağa, havasında nəfəs almağa, suyundan içməyə, odunda qızınmağa, torpağında gəzməyə vadar eləməyə bacarmalıdır.
×
Poeziya, ümumən yaradıcılıq özü ayrıca bir dünyadır və şair öz dünyasını yaradıb, oxucunu bu dünyanın sakini olmağa, havasında nəfəs almağa, suyundan içməyə, odunda qızınmağa, torpağında gəzməyə vadar eləməyə bacarmalıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri tənqidçi, ədəbiyyatşünas Əsəd Cahangir Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda keçirilən Əməkdar jurnalist Murad Qoçuoğlunun “Mən hər gün günəşi qarşılayıram” adlı şeirlər kitabının təqdimatında söyləyib.
Şairin əsas bədii subyekti, predmeti insan olduğunu qeyd edən ədəbiyyatşünas Əsəd Cahangir deyib: “O, öz tipologiyası etibarilə fəlsəfi düşüncəyə meyilli şairdir və bu fəlsəfilik onun təkcə Allaha müraciətlə yazdığı şeirlərlə məhdudlaşmır. Onun təbiət, dünya, insan, sevgi və digər mövzulardakı şeirləri də fəlsəfi düşüncə axarında yazılıb, lakin bu mövzuların hər biri fərqli psixoloji aura, mental iqlim, ab-havaya malikdir. Onun poetik dünyası öz ruhunun dərinliklərindədir və dünyanın üç əsas obrazı var - Allah, dünya və insan!”.
Təqdimatda çıxış edən digər natiqlər Murad Qoçuoğluna yeni-yeni yaradıcılıq uğurları arzulayıb, kitab haqqında öz fikirlərini bölüşüblər.
Tədbirdə ədəbi ictimaiyyətin nümayəndələri, jurnalistlər iştirak ediblər.
Murad Qoçuoğlu ötən əsrin 80-ci illərində ədəbiyyata gəlib. “Mən hər gün günəşi qarşılayıram” müəllifin ikinci şeirlər kitabıdır. Şairin bundan öncə "Bir az gecikəndə" adlı şeirlər kitabı çap olunub. Şeirləri respublikamızda və ölkənin hüdudlarından kənarda müxtəlif mətbu orqanlarda işıq üzü görüb.