×
İyunun 24-də Sosial Tədqiqatlar Mərkəzi ölkə üzrə keçirilən növbəti sorğunun nəticələrini təqdim edib. Təqdimat tədbirində Mərkəzin əməkdaşları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və “Üçüncü bahar” İctimai Birliyinin nümayəndələri iştirak ediblər.
Sosial Tədqiqatlar Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, ölkədə ciddi karantin rejiminin şərtlərini nəzərə alaraq, “Azərbaycanda yaşlılar: qayğı və rifah” analitik hesabatının təqdimat konfransı “Zoom” onlayn platforması vasitəsilə təşkil olunub. Tədbiri açıq elan edən Mərkəzin İdarə heyətinin sədr müavini, siyasi elmlər doktoru, Milli Məclisin deputatı Elşad Mirbəşir oğlu Azərbaycanda həyata keçirilən sosial tədqiqatların müasir dövrdə daşıdığı roldan bəhs edib.
Mərkəzin Sosial-iqtisadi təhlil departamentinin baş məsləhətçisi Humay Axundzadə layihəni təqdim edərək, tədqiqat nəticələri haqqında məlumat verib. Bildirib ki, sorğunun əsas məqsədi Azərbaycanda yaşlıların rifahının müxtəlif aspektlərinin öyrənilməsidir. Sorğu ölkənin doqquz iqtisadi-coğrafi ərazisində 18 yaşdan yuxarı 1212 respondenti əhatə edib. Tədqiqatda yaşlıların vəziyyətini yaxın və uzaq perspektivdə şərtləndirən övladlıq borcu ilə əlaqədar sosial normalar, ailənin və dövlətin yaşlılara qayğı sahəsində məsuliyyət balansına dair ictimai gözləntilər, yaşlılıq dövründə arzu olunan qayğı və yaşayış formaları, yaşlılara dair siyasət, ictimai şüurda yaşlılara aid stereotip və təsəvvürlər, yaşlılara münasibətdə ayrı-seçkilik halları, pensiya yığımları və yaşlılar üçün infrastruktur haqqında ictimai rəy məsələləri öz əksini tapıb.
Təqdimat mərasimində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov çıxış edərək ölkədə yaşlı vətəndaşlara qayğı sahəsində görülən işlərdən, son illərdə sosial-iqtisadi islahatlar çərçivəsində həyata keçirilən dövlət tədbirlərindən, habelə pandemiya dövründə risk qrupuna daxil olan yaşlı vətəndaşlara qayğı üçün sosial təminat siyasəti çərçivəsində atılan addımlardan danışıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev konfransa qoşularaq hesabata təmsil etdikləri qurum adından yüksək dəyər verib, onun gələcək dövlət proqramlarının tərtibində mühüm mənbə olduğunu bildirib.
“Üçüncü bahar” İctimai Birliyinin sədri Nərmin Qəniyeva həyata keçirilən tədbirlərin yaşlı insanların həyat keyfiyyətinə müsbət təsirini vurğulayıb, onların təqaüd dövründə daha maraqlı və rəngarəng yaşaması üçün belə sorğuların əhəmiyyətini qeyd edib.
Sosial Tədqiqatlar Mərkəzinin Sosial-iqtisadi təhlil departamentinin rəhbəri Seymur Əliyev tədqiqat çərçivəsində ictimai rəyin öyrənilməsinin və onun nəticələrinin dövlətin müvafiq siyasət sənədlərində nəzərə alınmasının zəruriliyini, yaşlıların həyat şəraitinin yaxşılaşması üçün sosial siyasət konseptləri üzrə beynəlxalq təcrübə və onların üzləşdikləri əsas problemləri diqqətə çatdırıb.
Sonda Mərkəzin sosial-iqtisadi bloku təmsil edən dövlət institutları ilə potensial əməkdaşlığı barədə müzakirə aparılıb.