Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatında ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş məntiq olimpiadasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
×
Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatında ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş məntiq olimpiadasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri açan YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev ümummilli lider Heydər Əliyevin 99-cu ildönümünün xalqımız və Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən yüksək coşqu ilə keçirildiyini bildirib. Deyib ki, anım tədbirlər təkcə ölkəmizdə deyil, xaricdəki diplomatik nümayəndəliklərdə, həmçinin Azərbaycan diaspor təmsilçilərinin iştirakı ilə müxtəlif ölkələrdə yüksək səviyyədə təşkil edilib.
“Azərbaycanın qazandığı hər bir uğurda Heydər Əliyev siyasətinin rolu var”, - deyən M.Nağıyev bu gün Azərbaycanın dünya miqyasında tanınmasını həmin siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin xidmətləri kimi dəyərləndirib.
Rayon ərazisində yerləşən üç ali məktəbin - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Azərbaycan Dövlət Pedaqoji Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Məntiq Olimpiadasında iştirak edən qalib tələbələrini təbrik edən Muxtar Nağıyev Azərbaycanın gələcək imicinin indiki bilikli və geniş dünyagörüşlü gənclərdən asılı olduğunu deyib.
Digər çıxış edənlər tələbələri fəal olmağa, keçirilən müxtəlif tədbirlərdə yaxından iştirak etməyə çağırıblar.
Sonda Olimpiada qaliblərinə sertifikatlar və diplomlar təqdim edilib.