Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının təşəbbüsü əsasında Qarabağ müharibələrinin bir qrup qazisi ilə görüş keçirilib.
×
Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının təşəbbüsü əsasında Qarabağ müharibələrinin bir qrup qazisi ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri açan YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev Vətən müharibəsində qazanılan şanlı Qələbədən danışıb. Bu tarixi Qələbənin əldə olunmasında Azərbaycan xalqının fədakarlığından söz açan M.Nağıyev İkinci Qarabağ müharibəsində əsgərlərimizin göstərdiyi şücaətdən bəhs edib.
Diqqətə çatdırılıb ki, qəhrəman şəhidlərimizin xatirəsi hər zaman uca tutulur, onların adları əbədiləşdirilir. Eyni zamanda, bu gün dövlətimiz tərəfindən şəhid ailələrinə, əlillərə, müharibə veteranlarına xüsusi diqqət və qayğı göstərilir.
YAP Səbail rayon təşkilatının sədri, həmçinin vurğulayıb ki, müharibədən dərhal sonra Qarabağda genişmiqyaslı yenidənqurma işlərinə başlanılıb və bu tədbirlər sürətlə davam etdirilir.
Tədbirdə çıxış edən qazilər və partiya fəalları müharibə ilə bağlı fikirlərini bölüşüb, hərbçilərimizin göstərdikləri rəşadətdən danışıblar. Onlar Qələbəyə xalqımızın birliyi və həmrəyliyi sayəsində nail olduğumuzu vurğulamaqla yanaşı, dövlətimizin şəhid ailələrinə və Vətən uğrunda sağlamlığını itirmiş şəxslərə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Tədbir vətənpərvərlik mövzusunda mahnılarla davam edib.