×
Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatında YAP-ın yaranmasının 29-cu ildönümü münasibətilə tədbir keçirilib. Konfransda partiyanın rayon təşkilatının və idarə heyətinin üzvləri, Milli Məclisin deputatları, partiya veteranları və fəal gənclər iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, əvvəlcə müasir müstəqil Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu il dönümü ilə bağlı videoçarx nümayiş olunub.
YAP Səbail Rayon Təşkilatının sədri Muxtar Nağıyev çıxış edərək Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla xalqımızı müstəqil Azərbaycanın hərb tarixinə qızıl hərflərlə əbədi həkk olunan Vətən müharibəsindəki şanlı Qələbə münasibətilə təbriklərini çatdırıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmancasına döyüşərək şəhid olan Vətənin övladlarına rəhmət, yaralananlara şəfa diləyib.
M. Nağıyev rəşadətli Ordumuzun 44 günlük qələbə salnaməsinin dövlətçilik tariximizin son yüz ildə ən qürurlu səhifəsi olduğunu qeyd edib. Bildirilib ki, Azərbaycan xalqının milli oyanış, özünəqayıdış və fəxarət rəmzinə çevrilən İkinci Qarabağ müharibəsi ölkəmizdə olduğu kimi bütün türk dünyasında da böyük ruh yüksəkliyi yaradıb. Xalqımız Prezidentimizin ətrafında sıx birləşərək əzəli düşmənimizin başını əzən “Dəmir yumruğ”a çevrilib, Azərbaycanın haqq səsinin bütün dünyaya çatdırılmasına nail olunub. Bu Qələbə ermənilərin uydurduqları yalanları, mifləri, “böyük Ermənistan” xülyalarını da darmadağın edib, onların faşist və terrorçu xislətini və bütövlükdə “erməniçilik” ideologiyasının əsl simasını dünyaya nümayiş etdirib. Vətən torpaqlarının mənfur düşmən tapdağından azad olunması və qətiyyətli, inamlı Qələbəmizlə yekunlaşan İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının qalib, müzəffər, qəhrəman xalq olduğunu bir daha sübut edib.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Yeni Azərbaycan Partiyasının yaranma tarixindən danışıb, partiyanın tarixin sınaqlarından üzüağ çıxdığını bildirib. Vurğulayıb ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın çətin günləri geridə qalıb. Bu gün Ulu Öndərin ideyaları Prezident İlham Əliyev tərəfindən uğurla və layiqincə davam etdirilir.
Sonra çıxış edən deputat Hikmət Babaoğlu deyib ki, 1990-cı illərin əvvəllərində ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtmasaydı və onun xilaskarlıq missiyası olmasaydı, Azərbaycan xalqının bugünkü qələbələri mümkün olmazdı. Ölkəmizdə ordu quruculuğunun əsası məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyulub.
O qeyd edib ki, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə görülən möhtəşəm işlərdə YAP-ın misilsiz xidmətləri olub. Şərəfli inkişaf yolu keçən partiya müstəqillik dövründə ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayır, sıraları ildən-ilə genişlənir və YAP Cənubi Qafqazın ən mütəşəkkil siyasi qüvvəsinə çevrilib.
Digər çıxış edənlər Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, ölkəmizin həyatında oynadığı mühüm roldan danışıb, partiyanın sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycanın tarixinin ən şanlı günlərini yaşadığını bildiriblər.
Sonda Yeni Azərbaycan Partiyasının yeni üzvlərinə vəsiqələr təqdim olunub.