Martın 2-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatında partiyanın Gənclər Birliyinin sədri Bəxtiyar İslamovun gənclərlə görüşü olub.
×
Martın 2-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatında partiyanın Gənclər Birliyinin sədri Bəxtiyar İslamovun gənclərlə görüşü olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən YAP Səbail Rayon Təşkilatının sədri Muxtar Nağıyev Partiyanın yarandığı ilk gündən onun fəaliyyətində gənclərin böyük rolunun olduğunu vurğulayıb. Qeyd edib ki, Yeni Azərbaycan Partiyasının gəncləri hər zaman dövlətimizin əbədiliyini, nüfuzunu daim qoruyub saxlayacaq. Bunun üçün ulu öndər Heydər Əliyev tərəfindən çox etibarlı zəmin yaradılıb. Ölkəmizin inkişafı, beynəlxalq aləmdə nüfuzunun artırılması üçün Prezident İlham Əliyev tərəfindən mühüm işlər görülür. “Otuz il həsrətində olduğumuz torpaqlarımıza artıq qovuşmuşuq. Bu uğurun əsasında düzgün siyasət dayanır. Vətən müharibəsində xalqımız Prezident İlham Əliyevin ətrafında bir yumruq kimi birləşərək böyük Zəfər qazanıb. Təbii ki, burada Azərbaycan gəncliyinin çox böyük rolu var”, - deyə o bildirib.
M.Nağıyev bu gün dünyada mövcud olan yeniliklərin gənclər tərəfindən öyrənilməsinin vacibliyini vurğulayıb. Əminliklə deyib ki, gənclərimiz vətənpərvərlik ruhunda tərbiyə alır və böyüyür. Onlar dövlətimizin başçısının tövsiyələrindən lazımi nəticələr çıxarıblar.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Bəxtiyar İslamov bu il Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin fəaliyyətinin daha maraqlı qurulacağını bildirərək deyib: “YAP Gənclər Birliyinin heyəti tam formalaşandan sonra qarşımıza qoyulan ilk məsələ bütün gənclərlə məqsədyönlü işin aparılmasıdır. Çalışırıq ki, həyata keçirdiyimiz layihələrdə gənclər arasında hər hansı fərq qoymayaq”.
B.İslamov gənclərin partiyanın işində daha yaxından iştirak etmələrinin vacibliyini qeyd edib. O deyib: “İnsan nə qədər fəal olarsa, bir o qədər də yaxşı iş görə və təcrübə qazana bilər. Yeni Azərbaycan Partiyası və partiyanın Gənclər Birliyi hazırda beynəlxalq əlaqələr qurmaqdadır. Hazırda Türkiyə ilə çox yaxşı əlaqələrimiz var. Gələcəkdə qardaş ölkənin gəncləri ilə birgə layihələrimiz olacaq”.
Sonda YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov gənclərin suallarını cavablandırıb.