×
Aprelin 27-də YAP Səbail rayon təşkilatında görkəmli oftalmoloq- alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, partiya veteranları, fəal gənclər iştirak ediblər.
Əvvəlcə görkəmli alim, Azərbaycan tibb elmində yeni elmi məktəbin əsasını qoyan, nəhəng elmi tədqiqatların müəllifi, eyni zamanda, qayğıkeş ana və nümunəvi həyat yoldaşı akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev hər il Zərifə xanım Əliyevanın əbədiyaşar xatirəsinin Azərbaycan xalqı tərəfindən yüksək ehtiram və böyük məhəbbətlə yad olunduğunu diqqətə çatdırıb. Bildirib ki, akademik Zərifə Əliyeva, sözün əsl mənasında, mərhəmət, nəciblik, qayğıkeşlik və fədakarlıq rəmzi idi. Özünü bütünlüklə elmə, təhsilə, xalqının sağlamlığı, rifahı üçün böyük fədakarlıq tələb edən peşəsinə həsr edən və Azərbaycanın görkəmli qadın şəxsiyyətlərindən biri olan Zərifə xanımın adı dünya tibb elminə, ölkəmizin ictimai-siyasi tarixinə qızıl hərflərlə əbədi həkk olunub. Təbabətdə öz dəst-xətti olan novator alimin oftalmologiyanın müxtəlif sahələrində yorulmadan apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər müasir dövrdə də aktuallığını itirməyib. Böyük alimin əziz xatirəsi xalqımızın qəlbində yaşayır, nurlu obrazı bu gün də davamçılarının yolunu işıqlandırır.
Tədbirdə çıxış edən azərbaycanlı şair, oftalmoloq Paşa Musayev qeyd edib ki, Azərbaycan tibb elmində, xüsusilə insanın ən zərif və mürəkkəb bədən üzvü olan göz xəstəliklərinin müalicəsi sahəsində bir çox kəşflər məhz Zərifə xanımın adı ilə bağlıdır.
Zərifə xanım Əliyevanın tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatları, qazandığı nailiyyətləri, fundamental əsərləri Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir.
Paşa Musayev Zərifə xanımın taleyinin adı kimi zəriflik, yüksək nəcabət və ətrafındakı bütün insanlar üçün qayğıkeşlik, mərhəmət məktəbi olduğunu vurğulayıb, gənclərə görkəmli oftalmoloqun həyat və fəaliyyətini dərindən araşdırmağı, nümunələr götürməyi tövsiyə edib.
“Modern inkişaf və ailə cəmiyyəti” İctimai Birliyinin və Nəsimi Rayon Ağbirçəklər Şurasının sədri Zərifə Quliyeva çıxışında dünya şöhrətli alimin Azərbaycan tibb elminin inkişafındakı fəaliyyətindən və oftalmologiya sahəsində qazandığı nailiyyətlərdən danışıb. Bildirib ki, tibbin mühüm sahəsi olan oftalmologiya elmi sahəsində uzun illər dəyərli tədqiqatlar aparan, intellektual səviyyəsi, özünəməxsus tədqiqatçılıq məharəti, qələminin qüdrəti ilə elmin ən uca zirvələrini fəth edən Zərifə xanım Əliyeva görkəmli alim, müəllim, ictimai proseslərdə fəal Azərbaycan qadını kimi milli elm tarixinə öz möhürünü vurub.
Zərifə Quliyeva qeyd edib ki, Zərifə xanım tədqiqat işini traxomanın müalicəsi ilə bağlı məsələlərə, traxomanın müalicəsində daha təsirli vasitələrin öyrənilməsinə, o dövr üçün yeni olan antibiotiklərdən - sintomitsindən istifadə olunmasına həsr edib. 1968-ci ildən Zərifə xanım Əliyeva görmə orqanının patologiyası ilə məşğul olmağa başlayıb. Çoxillik müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin nəticələri Zərifə xanım Əliyevanın doktorluq dissertasiyasının əsasını təşkil edib. 1977-ci ildə Zərifə xanım Əliyevaya “Tibb elmləri doktoru” elmi dərəcəsi verilib. 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə - görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə Zərifə xanım Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafata layiq görülüb.
Zərifə Quliyeva yaddaşlara ləyaqətli xanım, bənzərsiz şəxsiyyət, görkəmli alim və incə ruhlu, gözəl ana kimi həkk olunan Zərifə Əliyevanın peşə fəaliyyəti, tədqiqatları və ailə həyatındakı rolu haqqında danışaraq onunla bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.
Tədbir Zərifə xanım Əliyevanın elmi irsinə və şərəfli həyat yoluna dair fikir mübadiləsi ilə davam edib.