×
Xorvatiyanın “www.geopolitika.news” portalında Milli Məclisin deputatı, Azərbaycan-Xorvatiya Parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Könül Nurullayevanın Ermənistanın işğalçılıq siyasətindən və erməni diasporunun üzvlərinin soydaşlarımıza qarşı nifrət zəminində törətdiyi cinayətlərdən bəhs edən məqaləsi dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın hər zaman Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn normaları çərçivəsində sülh yolu ilə həllini dəstəklədiyini diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycan ABŞ, Fransa və Rusiyanın həmsədrlik etdiyi danışıqlar prosesində konstruktiv yanaşma ortaya qoyub. Rəsmi Bakı haqlı olaraq eyni konstruktivliyi qarşı tərəfdən də gözləyir. Amma bu gözlənti hələ ki, nəticə vermir. Azərbaycanlıların xarici ölkələrdə keçirdikləri dinc etiraz aksiyaları zamanı sabitliyi pozan da erməni diasporunun təmsilçiləri oldular. Ermənilər iki ölkənin sərhədində törədikləri təxribatın ardınca dünyanın müxtəlif ölkələrində Azərbaycanın diplomatik nümayəndəliklərinə və soydaşlarımıza qarşı hücumlar həyata keçirdilər. Belə təxribatların bir neçəsi məhz ABŞ-da baş verdi”.
Məqalədə qeyd olunur ki, erməni nümayişçilər Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu qarşısında dinc aksiya keçirən və sayca onlardan qat-qat az olan azərbaycanlılara hücum ediblər. Los-Anceles polisi bu hadisələr zamanı azərbaycanlılara məhz ermənilərin hücum edərək xəsarət yetirdiyini təsdiqləyib. Bundan əlavə, polis bu zorakılıqları törədənlərə qarşı yalnız xəsarət yetirmə maddəsi üzrə deyil, daha ağır maddə olan nifrət zəminində törədilən cinayət maddəsi üzrə iş açılacağını da bəyan edib.
K.Nurullayeva qeyd edib ki, ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer ermənilərin azərbaycanlılara qarşı bu təcavüz hərəkətindən məyus olduğunu diqqətə çatdırıb. Səfir Litzenberqer ölkəsində dinc şəkildə söz azadlığı hüququnun dəstəkləndiyini, lakin ermənilərin Los-Ancelesdə həyata keçirdikləri aksiyanın qəbuledilməz olduğunu qeyd edib.
Məqalədə həmçinin vurğulanır ki, iyulun 22-də Azərbaycanın Belçika və Lüksemburqdakı səfirliyi, Avropa İttifaqı yanında nümayəndəliyinin inzibati binası önündə baş tutmuş nümayiş zamanı Belçikadakı erməni diasporu tərəfindən kütləvi aksiya keçirilib. Ermənilərin daş və iti kəsici alətlərlə, partlayıcı vasitələrlə hücumu nəticəsində Azərbaycan diasporunun üzvlərindən 6 nəfər, eləcə də 1 jurnalist yaralanıb. Diplomatik missiyanın əməkdaşları da xəsarət alıb, missiyanın inzibati binası dağıntılara məruz qalıb, diplomatların ailə üzvlərinin yaşadığı əraziyə hücum cəhdi olub.
Müəllif Ermənistanın sülh danışıqlarında və təmas xəttində olduğu kimi, Avropa və ABŞ küçələrində də təcavüz aktı həyata keçirdiyini bildirərək qeyd edib: “Təəssüf ki, məhz Ermənistanın destruktiv davranışları səbəbindən sülh danışıqlarında bu günə qədər müsbət nəticə əldə etmək mümkün olmayıb. Xatırlatmaq lazımdır ki, BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsi qəbul ounmasından, eləcə də Ermənistanla Azərbaycan arasında atəşkəs elan edildikdən sonra ermənilər tərəfindən atəşkəsin pozulması nəticəsində Azərbaycan tərəfdən 900-ə yaxın hərbçi şəhid olub və ya yaralanıb. Ümumiyyətlə, münaqişə dövründə 20 min soydaşımız həyatını itirib, 50 mindən artıq şəxs əlil olub, 6 mindən çox insan əsir və girov götürülüb. Həmçinin bir milyon soydaşımız öz torpaqlarında qaçqın və məcburi köçkün həyatı yaşamağa məcburdur”.
Məqalədə vurğulanır ki, işğalçılıq siyasətindən əl çəkməsi üçün Ermənistana təzyiqlər artırılmalı, nifrət zəminində törədilən cinayətlər sülh və etimad mühitinin möhkəmlənməsi ilə əvəz olunmalıdır. Bu prosesdə ATƏT-in Minsk qrupunun həmsədrləri fəallıq göstərməlidirlər.