Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutunun təşkilatçılığı, SOCAR-ın və bp şirkətinin sponsorluğu ilə dekabrın 4-də Xəzər regionunun neft-qazlılığı və geoekoloji problemlərinə dair “Xoşbəxt Yusifzadə qiraətləri” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb.
×
Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutunun təşkilatçılığı, SOCAR-ın və bp şirkətinin sponsorluğu ilə dekabrın 4-də Xəzər regionunun neft-qazlılığı və geoekoloji problemlərinə dair “Xoşbəxt Yusifzadə qiraətləri” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb. Konfrans akademik Xoşbəxt Yusifzadənin xatirəsinə həsr olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Neft-Qaz İnstitutunun baş direktoru akademik Fəxrəddin Qədirov konfransın neft-qaz axtarışı sahəsində yeni elmi metod və texnologiyaların tətbiqini, o cümlədən neft və qaz yataqlarının istismarında qarşıda duran texnoloji və ekoloji problemləri müzakirə etmək məqsədilə təşkil olunduğunu söyləyib.
Sonra Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadə, SOCAR-ın vitse-prezidenti Arzu Cavadova, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Milli Məclisin deputatı akademik Ziyad Səmədzadə, bp-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli və digər çıxış edənlər Xoşbəxt Yusifzadənin ölkəmizdə neft-qaz sənayesinin və elminin inkişafında əvəzsiz xidmətlərindən danışıblar, xatirələrini bölüşüblər .
Konfransda təcrübəli alimlərlə yanaşı, gənc mütəxəssislər də iştirak edirlər. Müxtəlif ölkələrdən olan çıxışçılar müasir neft və qaz geologiyası sahəsinin ən aktual problemlərindən danışıblar.
Dekabrın 5-dək davam edəcək konfrans çərçivəsində Neft və Qaz İnstitutu və Serqo Orconikidze adına Rusiya Dövlət Geoloji Kəşfiyyat Universiteti tərəfindən modelləşdirilmə məktəbi təşkil ediləcək. Məktəbdə “Geoloji proseslərin və karbohidrogen sistemlərinin modelləşdirilməsi” adlı təlim kursunun keçirilməsi nəzərdə tutulur. Konfransın işində 10-a yaxın ölkədən alim iştirak edir. Konfransda ümumilikdə 80-dən çox məruzə dinləniləcək.