Vətən müharibəsi iştirakçılarının, qazilərin, şəhid ailələrinin, erməni terrorundan zərər görmüş insanların psixoloji reabilitasiyası məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) xətti ilə Türkiyədən dəvət olunan 20 nəfər peşəkar klinik-psixoloq və psixoterapevt yanvarın 22-dən etibarən FHN-in 112 - qaynar telefon xəttinə zəng edən və qeydiyyatdan keçən vətəndaşlarımızın qəbulu həyata keçirilir.
×
Vətən müharibəsi iştirakçılarının, qazilərin, şəhid ailələrinin, erməni terrorundan zərər görmüş insanların psixoloji reabilitasiyası məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) xətti ilə Türkiyədən dəvət olunan 20 nəfər peşəkar klinik-psixoloq və psixoterapevt yanvarın 22-dən etibarən FHN-in 112 - qaynar telefon xəttinə zəng edən və qeydiyyatdan keçən vətəndaşlarımızın qəbulu həyata keçirilir. Bu günədək artıq 100-ə yaxın vətəndaş qəbul edilib. Respublikanın istənilən yerindən, o cümlədən Bakı, Gəncə, Sumqayıt şəhərlərindən və Qobustan, Tərtər, Ağdam, Bərdə, Siyəzən, Quba, Qusar rayonlarından vətəndaşlarımızın müraciətləri olub.
AZƏRTAC xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Tibbi və psixoloji yardımın təşkili şöbəsinin rəisi, tibb xidməti mayoru Xanım Sofiyeva yanvarın 28-də jurnalistlərə müsahibəsində deyib.
X.Sofiyeva bildirib ki, Vətən müharibəsi iştirakçıları keçirdikləri hisslərə, davranışlara görə narahat olmamalıdırlar və bunu gizlətməyə ehtiyac yoxdur. Onlar FHN-in 112 - qaynar telefon xəttinə müraciət edə bilərlər. Biz türkiyəli mütəxəssislərlə birgə onlara ödənişsiz yardım etməyə hazırıq.
Müraciət edənlərin problemləri ilə bağlı danışan şöbə rəisi diqqətə çatdırıb: “Onları adətən müharibə zamanı döyüş meydanlarında keçirdikləri travmaları təkrar yaşamaları və xatirələri narahat edir. Bu insanların əksəriyyətində yuxu pozuntuları, qarabasmalar olur. Həmin şəxslərin sinirləri oyanıq olur və ən adi qıcıqlara belə həddindən artıq reaksiya verirlər. Onlar aqressiv davranış göstərirlər və bu, depressiyaya meyllilik yaradır, həmin şəxslər gələcəklə bağlı plan qura bilmirlər. Buna görə onların bəzilərində intihar fikirləri oyanır. Belə hallarda vaxtında və düzgün qaydada mütəxəssis müdaxiləsinə ehtiyac yaranır. Ona görə keçirdiyimiz tədbirin əsas mahiyyəti ondan ibarətdir ki, həmin travmaların dərinləşməsinə icazə verməyək. Bunun üçün vaxtında mütəxəssislərə müraciət etmək vacibdir.
“Qırx dörd günlük müharibə zamanı onların döyüş meydanlarında gördükləri qeyri-normal və faciəvi faktlar idi. Odur ki, onların göstərdikləri reaksiyalar tam normaldır. Bu baxımdan, müharibə ilə əlaqəsi olan istənilən Azərbaycan vətəndaşı həftənin bütün günlərində 24 saat ərzində tam ödənişsiz şəkildə FHN-nin 112 - qaynar telefon xəttinə zəng edərək qeydiyyatdan keçə bilərlər. Türkiyəli mütəxəssislər onlara könüllü olaraq yardım etmək üçün Azərbaycana gəliblər. Bu prosesə onlarla yanaşı, azərbaycanlı mütəxəssislərimiz də cəlb olunublar. Biz psixoloji yardım istəyən istənilən vətəndaşa kömək göstərməyə hazırıq”, - deyə X.Sofiyeva vurğulayıb.