Hüseyn Arifin şəxsiyyətindəki saflığı poeziyasına da keçmişdi. Onun sənət müəllimləri Qurbani, Ələsgər, Dilqəm və dövrünün canlı klassikləri idi.
×
Hüseyn Arifin şəxsiyyətindəki saflığı poeziyasına da keçmişdi. Onun sənət müəllimləri Qurbani, Ələsgər, Dilqəm və dövrünün canlı klassikləri idi. Bu ustadlardan çox şey görüb-götürdü, kimsəni təqlid etmədi, ədəbiyyatda özünəməxsus Hüseyn Arif cığırı açdı.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq şairi Hüseyn Arifin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirdə səslənib.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin poeziya şöbəsinin rəhbəri, şair İbrahim İdrisli, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova, Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı və başqaları iştirak ediblər.
Bildirilib ki, XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Hüseyn Arif xalqımızın zəngin bədii-poetik irsi zəminində dəyərli əsərlər meydana gətirib. Onun poeziya aləmi mövzu baxımından genişdir. Şairin təbii və canlı dili ilə seçilən əsərlərində həyatın öz nəfəsi duyulur.
Hüseyn Hüseynzadə 1924-cü il iyunun 15-də Qazaxın Yenigün kəndində (kənd hazırda Ağstafa rayonunun tərkibindədir) doğulub. Ədəbi fəaliyyətə İkinci Dünya müharibəsi illərində başlayan şairin librettosu əsasında hazırlanan “Azad” tamaşası 1957-ci ildə Akademik Opera və Balet Teatrında, “Yolda” poeması əsasında yazdığı eyniadlı pyesi 1974-cü ildə Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulub. 1971-ci ildə “Dağ̆ kəndi” poemasına görə “Qızıl oraq” mükafatına layiq görülüb. Əsərləri keçmiş SSRİ və bir sıra xarici ölkə xalqlarının dilinə tərcümə olunub. Şeirlərinə musiqilər bəstələnib. Həmişə xalqın içində olan şairin əsas qayəsi, Vətənə məhəbbətin, mənəvi-əxlaqi zənginliklərin təbiət gözəllikləri ilə vəhdətdə tərənnümündən ibarət olub.
Hüseyn Arif o məşhur insanlardandır ki, adı ilə bağlı çoxlu lətifələr, baməzə əhvalatlar dolaşır, hətta belə lətifə və əhvalatların toplandığı kitab nəşr olunub.